Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vitse-spiker xaricdəki azərbaycanlı iş adamlarına çağırış etdi
Bugünkü əmək bazarının dəyişən tələb və meyllərinə uyğun olaraq ölkəmizdə peşə təhsilinə qarşı maraq artır və bu təhsil sahəsinin modernləşdirilməsi prosesi sürətlə davam edir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, bunu parlament sədrinin müavini Adil Əliyev deyib.
Vitse-spiker bildirib ki, 2016-cı ildə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərə cavab verməsinin təmin edilməsi istiqamətində peşə təhsilinin inkişafı prioritet sahələrdən biri elan edilib.
“Onun genişləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Gənclər arasında peşə təhsilinə marağın artırılması və ixtisaslı işçi qüvvəsinin formalaşması sahəsində bu Strateji Yol Xəritəsi qarşıya qoyulmuş əsas tələblərdən birinə çevrildi. Əmək bazarında özəl sektorun peşə təhsilli işçilərə marağını nəzərə alaraq, işəgötürənlərin də peşə təhsili olan kadrlara tələbini sürətləndirmək əsas hədəf olaraq müəyyən edildi”, - deyə A.Əliyev əlavə edib.
Onun sözlərinə görə, artıq bu sahənin inkişafı ilə bağlı PPP (public private partnership) proqramları əsasında peşə təhsilinin inkişafında dövlət və özəl sektorun əməkdaşlığı başlanıb.
Peşə təhsilində inkişafın təmin edilməsi ilə bağlı Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də digər rayonlarda yerləşən peşə təhsili müəssisələrinin rasionallaşdırılması, müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir.
Peşə təhsilinə marağın artması fonunda Cənubi Koreya ilə birlikdə KOİCA proqramına uyğun olaraq 38 milyon manat nizamnamə fondu olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi qurulub.
A.Əliyev qeyd edib ki, peşəyə uyğun marağın artması baxımından əyaniliyi artırmaq üçün mərkəz yeni model avadanlıqlarla təmin edilib:
“Təhsilin formal, informal və qeyri-formal olmasından asılı olmayaraq, burada əsas gələcək işçinin ixtisaslı olmasıdır. Burada ən əsas şərt isə gənclərin gələcəkdə fəaliyyət göstərəcəyi sahənin növündən asılı olmayaraq, ixtisaslı mütəxəssis olaraq yetişdirilməsidir.
Bu yaxınlarda ölkəmizdə peşə təhsilinə olan marağın artmasının əyani bir nəticəsini gördük. İlk dəfə olaraq Sumqayıt Kimya Sənaye Parkının daxilində Peşə Təhsil Mərkəzi yaradıldı. Bu da bir neçə strateji hədəfə nail olunması deməkdir: Birincisi, tələbələr müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri öyrənir. İkincisi, tələbələrin praktik təcrübə toplamaq məqsədilə ayrı-ayrı müəssisələrə göndərilməsinə ehtiyac qalmır. Üçüncüsü, tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar”.
A.Əliyevin fikrincə, Sumqayıt Kimya Sənaye Parkı olduqca unikal bir layihədir:
“Belə ki, park yaradıldıqdan sonra bir çox istehsal müəssisələri parkın daxilində fəaliyyətə başlayıb. Təbii ki, sənaye parklarının yaradılmasında məqsəd ilk növbədə ölkənin idxala olan tələbatının ilkin mərhələdə qarşısının alınması, yerli tələbatı ödədikdən sonra ixrac potensialının qiymətləndirilməsi, rentabelli hesab edildikdə ixracın təmin olunmasıdır. İxrac həm də ona görə mühümdür ki, bu sahədən əldə edilən gəlir tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əsasdır.
İxracın nəticəsində ölkəmizə xaricdən əlavə valyuta gəlir. Hansı ki, bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanması daha çox neft-qaz sektorunun üzərinə düşür. Hesab edirəm ki, bu sahələrin inkişafında sahibkarlar da fəaliyyətlərini genişləndirməlidirlər”.
Vitse-spiker bildirib ki, xüsusilə, xaricdə yaşayan azərbaycanlı iş adamları mövcud vəziyyəti qiymətləndirməli və Azərbaycana vəsait qoymalıdırlar.
“Tək ona görə yox ki, Azərbaycan onların vətənidir və hər zaman da doğma ölkələrinin dəstəyini hiss edirlər, həm də ona görə ki, ölkəmizdə onlar üçün kifayət qədər cəlbedici və gəlirli sahələr var. Öz ölkələrinə investisiya qoymaq da vətənpərvərlik hissinin yüksək əlamətlərindən biridir”, - deyə A.Əliyev yekunlaşdırıb.
"Adil Əliyev" teqi üzrə xəbərlər
- Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi
- VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin səlahiyyətlərinə xitam verilib
- Yeni təyin olunan icra başçıları kimlərdir? - DOSYE
- Azərbaycanda yeni icra başçısı təyin edildi
- Milli Məclis növbədənkənar seçki ilə əlaqədar Prezidentə müraciət edib