Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya-Azərbaycan sərhədində gözləmələrin qarşısı alınacaq - RƏSMİ
Rusiya-Azərbaycan sərhəddindəki Yaraq-Qazmalar keçid məntəqəsində yenidənqurma işləri ilə əlaqədar növbətçi rejimin gücləndirilməsi üçün tədbirlər görülür.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Gömrük və Logistika Portalı məlumat verib.
Bildirilib ki, yenidənqurma işləri sərhəd keçid məntəqəsində nəqliyyat axınının əhəmiyyətli dərəcədə artması ilə üst-üstə düşüb. Əlavə edilib ki, hazırda Yaraq-Qazmalar keçid məntəqəsinin ötürmə qabiliyyətinin maksimum dəyərlərə çatırılması üçün tədbirlər görülür. Bununla da gün ərzində sərhəddən 672 yük avtomobilinin keçid etməsi ehtimal edilir.
Yaraq-Qazmalar nəzarət-buraxılış məntəqəsi ilə gün ərzində Azərbaycan və Rusiya ərazisinə ümumilikdə 300 yük avtomobili daxil olur.
Yenidənqurma işlərinin məqsədi sərhəd keçid məntəqəsinin gücünü gündəlik 730 minik avtomobili, 630 yük maşını, 40 avtobus və 4 min fərdi şəxsə çatdırmaqdır.
Bu məqsədlə nəqliyyat şirkətləri ilə ortaya çıxan problemlərin dərhal həll edilməsi üçün müvəqqəti işçi qrupunun yaradılması planlaşdırılır.
Nəzərdə tutulan tədbirlər çərçivəsində Rusiya və Azərbaycan arasındakı sərhəddə nəqliyyat vasitələrinin sıxlığının və gözləmə hallarının qarşısının alınması gözlənilir.
Qeyd edək ki, 2021-ci ilin beş ayı ərzində məntəqədən 71 520 yük maşını keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 548 ədəd çoxdur. Avtomobil axınında aylıq artım da müşahidə olunub. 2021-ci ilin aprelində sərhəddən 14 276, may ayında 15 102 yük maşını keçib.
Nigar Məmmədova