Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
AQTA Vyetnamdan idxal olunan məhsullarla bağlı xəbərdarlıq edib
Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Vyetnamda fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyətin tətbiqi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, agentlik tərəfindən Vyetnamın səlahiyyətli dövlət qurumları olan Kənd Təsərrüfatı və Kənd İnkişaf, Səhiyyə, Sənaye və Ticarət nazirliklərinə məktub göndərilib. Məktubda bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublikamıza heyvan mənşəli qida məhsullarını ixrac etmək niyyətində olan xarici qida subyektləri agentlik tərəfindən təsdiqlənməlidir.
Sözügedən məhsulların istehsal edildiyi və emal olunduğu müəssisələrin təsdiqlənməsi üçün qida subyektləri AQTA-ya müraciət etməlidirlər. Həmin obyektlərdə yerində və ya videoinspeksiya formatında qiymətləndirmə həyata keçirilməlidir. Məktubda qeyd olunub ki, 1 noyabr 2023-cü il tarixindən etibarən müvafiq qaydada təsdiq edilməmiş Vyetnamdakı müəssisələrdən Azərbaycana qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.
AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.