"Ağdam sakininin göbələkdən zəhərlənərək ölməsi ilə bağlı yayılan məlumatlar Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən qoyulmuş ilkin diaqnoza əsasən, həmin şəxsin ölüm səbəbi kimi ürək və ağciyər çatışmazlığı göstərilir:
"Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, sözügedən şəxsə ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib:
"Mayın 28-i saat 15:15-də bir nəfər (kişi cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib.
Zəruri tibbi müdaxilələrə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 15:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib".
Aygün Mirakif
Ağdam sakini göbələkdən zəhərlənərək ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Şurabad kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Əsədov yediyi göbələkdən zəhərlənib. O, təcili tibbi yardımla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
M.Əsədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili