Ağdərədə mikroavtobusun dərəyə aşması zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 7-də saat 21:40-da Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan altı nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pasiyentlərdən iki nəfər Mingəçevir şəhərində, bir nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Bir nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.
Hazırda iki pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Ağdərədə mikroavtobus dərəyə aşması səbəbindən baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 7-də saat 21:00-da baş verib.
Tərtər sakini Ələddin Allahverdiyevin idarə etdiyi "Hyundai" markalı, 77-JZ-716 dövlət qeydiyyat nişanlı mikroavtobus dərəyə aşıb.
Mikroavtobusun aşmasına ilkin səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.