Paytaxtın Nizami rayonunun Bəkir Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 26-da saat 11:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (kişi) kürəyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Paytaxtın Nizami rayonunun Bəkir Çobanzadə küçəsindəki yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, sərnişin avtobusu əvvəlcə "Toyota Corolla", daha sonra isə "Changan" və "KIA Rio" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində iki avtomobilin sürücülərinin xəsarət aldığı bildirilir.
Hadisə zamanı avtobusda sərnişinlərin olduğu qeyd edilib.
İlkin məlumata görə, qəza avtobus sürücüsünün ayağının qıc olması və bu səbəbdən əyləci basa bilməməsi nəticəsində baş verib.
Əzizə İsmayılova
Paytaxtın Nizami rayonunun Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, "Bus Trans" MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobilinə toqquşub. Daha sonra avtobus hasara çırpılıb.
İlkin məlumata görə, avtobus sürücüsü işıqforda dönmə əməliyyatını düzgün icra etməyib və digər nəqliyyat vasitələrinə çırpılıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb, toqquşan avtomobillərin sürücüləri xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.