Ötən gecə Bakı şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 1-i, saat 00:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 23 yaşlı (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsində müalicəsi davam etdirilən pasiyentə döş qəfəsinin küt travması diaqnozu təyin olunub, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu Alı Mustafayev küçəsində baş verən hadisə zamanı yeddi nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Əzizə İsmayılova
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında 3-cü mikrorayon bazarının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, iki "KamAZ" markalı yük avtomobili ilə dörd minik maşını toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, yolda hərəkət məhdudlaşıb.
Hadisə şahidlərinin sözlərinə görə, yolun üzərinə yağ töküldüyündən avtomobillərin idarəetməni itirməsi qəzanın baş verməsinə səbəb olub.
