Bakı şəhəri Səbail rayonu, Rəşid Behbudov küçəsi, 12 ünvanında yerləşən 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, sözügedən məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar:
"Binaya baxış keçirilib. Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir.
Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaq".
Bakıda eyvanı uçan yaşayış binasının ərazisində təmizlik işləri aparılıb.
Oxu.Az xəbər verir ki, artıq əraziyə polislə yanaşı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları da gəliblər.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Məhərrəm Əliyev
Bakıda yaşayış binasının eyvanı uçub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsində baş verib.
Eyvandan qopan parçalar binanın qarşısından keçən qadının üzərinə düşüb. Nəticədə qadın xəsarət alıb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunublar.
