Füzuli rayonunda üç nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
"Hadisə iyunun 24-ü, saat 20:55-də Füzuli rayonu 6 saylı Qayıdış qəsəbəsi ərazisində baş verib. Yal Pirəhmədli kənd sakini 1986-cı il təvəllüdlü Ceyhun Vaqif oğlu Qurbanovun idarə etdiyi "Mercedes-Benz" markalı, 19-BJ-135 dövlət nömrə nişanlı avtomobillə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Elçin Fail oğlu Mirzəyevin idarə etdiyi "Opel" markalı və qəsəbə sakini 1998-ci il təvəllüdlü Bəndalı Aftandil oğlu Qəmbərovun idarə etdiyi 99-VO-438 dövlət nömrə nişanlı və KIA markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində C.Qurbanov, onun sərnişini olan qardaşı 1990-cı il təvəllüdlü Nicat və "Opel" markalı avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Elçin Tahir oğlu Süleymanov hadisə yerində həyatlarını itiriblər.
Bəndalı Qəmbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli RMX-yə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Füzuli rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Mercedes", KIA və "Opel" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində üç nəfər həyatını itirib. Ölənlərdən ikisinin qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
