Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 30-da saat 23:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən altı nəfər (kişi) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, avqustun 31-də saat 00:10-da bir nəfərin bioloji ölüm faktı qeydə alınıb.
Tibb müəssisəsinin müvafiq şöbəsində hazırda üç nəfərin müalicəsi davam etdirilir, iki nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. İki nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Quba RMX-yə təxliyə olunub. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Bakı-Quba yolunda baş verən ağır qəzada ölən və yaralıların adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 31-də gecə saat 1 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 163-cü kilometrliyində - Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində baş verib.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Seymur Fərhad oğlu Bakıxanov "BMW X6"markalı 10-ZY-909 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və sərnişinlər - 2002-ci il təvəllüdlü Elton Elşən oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Rauf Teyyub oğlu Bəxtiyarov və 2006-cı il təvəllüdlü Zakir Rasim oğlu Məmmədov xəstəxanaya yerləşdirliblər. E.Əsgərov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Hazırda digər xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verib.
Ödənişli yolda sürücü "BMW X6" markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Elton Əskərov ölüb, avtomobildə olan beş nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.