Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.
Oxu.Az xəbər verir ki, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.
Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabildir.
Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
Sumqayıt şəhərində tonqalda baş verən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən bildirir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir:
2004-cü il təvəllüdlü Fatimə Telman qızı Məmmədzadə,
2006-cı il təvəllüdlü Fatimə Camal qızı İsgəndərli,
2015-ci il təvəllüdlü Nailə Saleh qızı Bayramlı,
2018-ci il təvəllüdlü Aylin Rahid qızı Qasımova,
2015-ci il təvəllüdlü İsa Taleh oğlu Hüseynzadə,
2014-cü il təvəllüdlü Ömər Rəşad oğlu Təhməzli,
2016-cı il təvəllüdlü Ayla Roman qızı Əliyeva,
2009-cu il təvəllüdlü Nicat Vüqar oğlu Orucov,
2013-cü il təvəllüdlü Duyğu Nəriman qızı Əsədli,
2013-cü il təvəllüdlü Yusif Niyazi oğlu Həsənli,
2008-ci il təvəllüdlü Aylin Ramin qızı Məmmədova.
Sumqayıtda Novruz bayramı münasibətilə qalanan tonqalda baş vermiş partlayış zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, martın 21-də, saat 21:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına üç təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən beş uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Eyni zamanda dörd nəfər Uşaq Xəstəxanasına, iki nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə səbəbi ilə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeddi nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda dörd nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda qeyd olunub.
Sumqayıtda Novruz bayramı münasibətilə qalanan tonqalda partlayış baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla, ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.