Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 6 ton 223 kiloqram 519.057 qram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Məlumatda bildirilir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin dəyəri 187 milyon 200 min manat qiymətləndirilir.
Yeddi ay ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 963 cinayət faktı aşkarlanıb. Onlardan 1 250-si narkotik vasitələrin qanunsuz satışı, 3 613-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, üçü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kiloqram 519.057 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 307 kiloqram 260.329 qramını marixuana, 257 kiloqram 73.146 qramını heroin, 124 kiloqram 912.418 qramını tiryək, 247 kiloqram 630.147 qramını həşiş, 125 kiloqram 541.94 qramını digər narkotik vasitələr və 161 kiloqram 101.077 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 34 983 ədəd həb metadon, 12 715 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 4.5 qram və 276 ədəd güclü təsir edən, eləcə də 970.1 qram zəhərli maddələr aşkar edilərək götürülüb.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1 167.2 hektar sahədən yaş kütləsi 327 ton 716 kiloqram olan 3 960 601 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.