Rəqəmsallaşan dünyada gələcəyin ən perspektivli peşələri məhz İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsindədir. Belə ki, gənc nəslin bu sahəyə marağı da kifayət qədər çoxdur. Bir peşəyə maraq ayrıdır, bu peşə ilə ciddi məşğul olmaq hissi isə tam başqadır.
Məhz könüllüləri və bu sahə ilə ciddi maraqlanan qrupları müəyyən etmək, eləcə də Azərbaycanda yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün Kibertəhlükəsizlik Mərkəzi yaradılıb.
Oxu.Az-ın əməkdaşı yeni taradılan Kibertəhlükəsizlik Mərkəzində olub və mərkəzdə görüləcək işlərlə tanış olub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə rəhbəri Gülnar Mirhüseynova bildirib ki, mərkəzin yaradılmasında məqsəd ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirməkdir:
“Mərkəzin ümumi olaraq 15 təlim otağı var. Müxtəlif 21 təyinatlı otaq mövcuddur. Otaqlarda real rejimdə simulyasiyalar həyata keçirilir. Belə ki, burada səs dalğaları vasitəsilə hər hansı sistemlərin kiberhücumlara məruz qalması və ya kiberhücumlardan müdafiə edilməsi simulyasiya edilir. Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər”.
G.Mirhüseynova onu da qeyd edib ki, mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində mühüm rol oynayacaq:
“Layihəyə qoşulan 60 nəfər “Red Team”, Blue Team”, “SOC Team” deyə üç qrupa ayrılıblar. “Red Team”-ə daxil olanlar kiberhücumlar hazırlayır, “Blue Team” bu hücumlardan müdafiə sistemləri yığmağa çalışır. “SOC Team” isə analitik hesablamalara baxacaq. Dövr artıq rəqəmsallaşma dövrdür. Bu sahəyə tələbat sürətlə artır. Tələb təklifləri qarşılamaq üçün bu mərkəzin önəmli rolu olacağına inanıram.
Burada hər şey İsrailin “Technion” institutundakı konseptdə təşkil edilib. Dərsdə iştirakçılar yorulmasın deyə maraqlı yerdəyişmələr olacaq və rəqabət mühiti yaradılacaq. Səhər saat 09:00-dan axşam saat 18:00-a qədər daim dərs prosesi zehni yorğunluğa səbəb olmasın deyə, dərslər arası mövzular, istiqamətlər və otaqlar dəyişdiriləcək”.
Qeyd edim ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində dərslərə artıq start verilib. 2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 nəfər seçilib və dərslərə cəlb olunub.
Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması üzrə təlimlər, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı olmaqla 4 istiqamətdə təlimlər keçiriləcək.
“Technion” İnstitutunun təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər öyrədiləcək. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 3 növ mütəxəssislərin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq”.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova açıqlamasında bildirib ki, Mərkəzdə bu sahədə yüksək ixtisaslı kadrlar hazırlanacaq:
“2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən ingilis dilini bilən 60 nəfər seçilib. Müraciət edən şəxslərdə ilkin olaraq ingilis dili biliyi əsas götürülüb. Çünki dərslər ingilis dilində tədris olunur. Ali təhsilin olması şərt deyil. 18 yaşı tamam olmuş və bu sahəyə marağı olan şəxslər müraciət edə bilərlər. Hazırda seçilən iştirakçılardan ən kiçiyinin 19, ən böyüyünün 40 yaşı var. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması üzrə təlimlər, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı olmaqla 4 istiqamətdə təlimlər keçiriləcək. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq. Mərkəzdə bütün avadanlıqlar İsrail tərəfinin tövsiyələrinə uyğun olaraq xaricdən gətirilib. Ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər”.
Mərkəzin baş meneceri Daniel Hoffman deyir ki, gələcəkdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tələbələrə yerli mütəxəssislər dərs deyəcək:
“Xarici mütəxəssisləri tədricən yerli mütəxəssislər əvəz edəcək. Bu layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Technion” Universitetinin əməkdaşlığı nəticəsində icra olunub. Hazırda “Red team” və “Green team” adlandırdığımız hücum və müdafiə qruplarına təlimlər keçilir. Ümumilikdə 3 il müddətində 1000 mütəxəssislərin hazırlanması nəzərdə tutulur”.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər