Futbol üzrə dünya çempionatının (DÇ-2026) oyununa yollanan Uruqvay yığmasının axtarışa məruz qaldığını əks etdirən görüntülər yayılıb.
Oxu.Az Britaniyanın HITC nəşrinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda ABŞ-də Səudiyyə Ərəbistanı ilə qarşılaşmadan öncə Uruqvay millisinin xüsusi təlim görmüş itlərin iştirakı ilə yoxlanıldığı əks olunub.
Proses zamanı oyunçuların baqajlarına və idman geyimlərinə baxış keçirilib.
Qeyd olunur ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı ilə əlaqədar irimiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu çərçivədə futbolçular, texniki heyət və tərəfdarlar arenalara, habelə digər rəsmi ərazilərə daxil olmazdan əvvəl müxtəlif yoxlama prosedurlarına cəlb olunurlar.
Uruqvay komandasının ciddi yoxlamalarla üzləşməsi səbəbindən azarkeşlər FIFA və ABŞ-ni sərt şəkildə qınayıblar.
Bildirilib ki, böyük turnirlərdə sərt yoxlamaların aparılması yeni hal deyil, lakin milli komandanın yol kənarında belə axtarışa məruz qalması narazılıqlara yol açır.
İnternetdə qısa müddətdə populyarlaşan videoya rəy yazan bəzi istifadəçilər futbolçulara şübhəli şəxslər kimi münasibət göstərildiyini vurğulayıblar.
Qeyd edək ki, dünən baş tutan Səudiyyə Ərəbistanı - Uruqvay oyunu heç-heçə (1:1) başa çatıb.