Hüquq-mühafizə orqanları Frankfurtda Almaniya Futbol İttifaqının mənzil-qərargahında və ölkənin bəzi şəhərlərinin administrasiyalarının binalarında axtarışlar həyata keçirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, əməliyyatlar 2024-cü ildə keçirilən futbol üzrə Avropa çempionatı (AÇ-2024) zamanı ehtimal edilən rüşvətxorluq halları ilə əlaqədardır.
İstintaq tədbirləri xüsusi olaraq 66 yaşlı Almaniya və 46 yaşlı Fransa vətəndaşlarına qarşı yönəldilib.
İlkin məlumatlara əsasən, minlərlə matç bileti və dəvətnamələr müəyyən edilmiş şəxslərə qanunsuz yollarla verilib. Bu cür hərəkətlər "imtiyazların sistemli şəkildə təqdim edilməsi" kimi qiymətləndirilə və rüşvət vermə faktı kimi qəbul oluna bilər.
Axtarış əməliyyatları Berlin, Hamburq, Helzenkirhen, Dortmund, Düsseldorf, Köln, Münhen, Frankfurt və Ştutqart şəhər administrasiyalarında, həmçinin Şimali Reyn-Vestfaliya və Bavariyada fəaliyyət göstərən üç şirkətin ofisində aparılıb.