AFFA Hakimlər Komitəsinin sədri təyin olunan Rəhim Həsənovun fikrincə, Misli Premyer Liqasında bir neçə tur referilərin idarəçiliyində stabillik olmayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Report"a açıqlama verib.
R.Həsənov bu vəzifəyə təyinatı ilə bağlı federasiya rəhbərliyinə təşəkkür edib:
"Bilirik ki, çempionatın ən çətin dönəmində bu yükün altına giririk. Amma Hakimlər Komitəsi olaraq əlimizdən gələni edəcəyik ki, qısa zamanda referiləri toplayıb oyunlara hazırlayaraq. Bir neçə tur hakim idarəçiliyi stabil deyil. Bunun səbəbləri araşdırılır. İlkin versiya onların psixoloji hazır olmamasıdır. Bunun aradan qaldırılması üçün hər referi ilə fərdi görüş keçiriləcək və bu istiqamətdə müzakirə aparılacaq".
Sədr hazırda komitə daxilində ciddi dəyişikliklərin gözlənilmədiyini də vurğulayıb:
"Amma yeniliklərə ehtiyac var və zaman ilə bu məlumatlar sizə çatdırılacaq. Gənc, yeni referiləri siyahıya əlavə etmək istəyirik. Amma hazırda hakim resurslarımız o qədər də zəngin deyil. Bu istiqamətdə çalışmağımıza ehtiyac var. Hakimlərimə inanıram və ümid edirəm ki, qarşıdan gələn oyunlara daha ciddi hazırlaşacaqlar və bacarıqlarını nümayiş etdirəcəklər".