Ötən il verdiyimiz hesabatdan sonra bizə qarşı daha təzyiqlər yoxdur.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib.
Ş.Hüseynli 12 illik diskvalifikasiya olunmuş azərbaycanlı idmançı barədə verilən suala cavab verib:
“Hələlik biz onun ad-soyadını və hansı idman növü ilə məşğul olduğunu deyə bilmərik. Çünki o, bizim qərarımızdan apellyasiya şikayəti edib. Bu proseslər başa çatdıqdan sonra onun adını açıqlaya bilərik”.
WADA 2017-ci il hesabatını açıqlayarkən Azərbaycanda 32 dopinq qayda pozuntusu qeydə alındığı və pozuntuya yol vermiş idmançılardan birinin Amerikan futbolu ilə məşğul olduğu bildirilib. Azərbaycanda bu idman növünün olmadığını nəzərə alıb bu barədə sual verdik. Hüseynlinin cavabı belə oldu:
“Bu sualın veriləcəyini bilirdim. Həmin idmançı Anar Mirzəzadədir. O, Türkiyədə Sakarya Universitetinin tələbəsidir. Həmin idmançı orda Amerikan futbolu ilə məşğul olur. Beş dopinq maddəsindən istifadə edib. Ehtimal edirik ki, bununla bağlı səhvən Azərbaycanın adı yazılıb. Biz hazırda bu məsələ ilə bağlı Türkiyə Anti-Dopinq Agentliyinə sorğu göndərmişik”.
Səbuhi Musayev