Türkiyədə Mərkəzi Hakim Komitəsinin (MHK) sədri Ferhat Gündoğdunun saxlanılmasından sonra qurumun gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı "Hakemlər dosyesi" istintaqı çərçivəsində Ferhat Gündoğdu da daxil olmaqla yeddi şübhəli saxlanılıb. Onlara qarşı mobbinq və rəsmi sənədlərdə saxtakarlıqla bağlı iddialar araşdırılır.
Hadisədən sonra Gündoğdu və hazırkı MHK rəhbərliyinin vəzifələrində davam etməsinin çətin olduğu bildirilir. Bu səbəbdən qurumun fəaliyyətini davam etdirməsi üçün müvəqqəti idarəetmə modelinin tətbiqi gündəmə gəlib.
Türkiyə mətbuatında yayılan məlumata görə, MHK Elit Hakim Direktoru vəzifəsində çalışan sabiq ingiltərəli FIFA referisi Entoni Teylorun müvəqqəti olaraq qurumun rəhbərliyinə gətirilməsi planlaşdırılır.
Teylorun fəaliyyətinə kömək etmək üçün üç nəfərdən ibarət heyətin yaradılmasının da gündəmdə olduğu bildirilir. Bununla belə, Teylorun MHK sədri təyin olunması və həmin heyətin tərkibi ilə bağlı Türkiyə Futbol Federasiyası tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 47 yaşlı Entoni Teylor bu ilin avqustunda TFF-nin MHK Elit Hakim Direktoru vəzifəsinə təyin edilib. O, bu vəzifədə hakimlərin texniki inkişafı, performans qiymətləndirilməsi, təlim proqramları və oyunların analizinə rəhbərlik edir.