Azərbaycanın Qolf Federasiyası beynəlxalq “European Tour” çərçivəsində 31 iyul – 3 avqust tarixlərində Qubadakı Milli Qolf Klubunda baş tutacaq qolf üzrə “Challenge Tour” yarışmasına hazırlıqları davam etdirir.
Oxu.Az xəbər verir ki, bu gün möhtəşəm yarışda hazırlıq çərçivəsində Bakıda yerləşən Milli Qolf Akademiyasında 105 könüllünün təlimatlandırılması üzrə tədbir keçirilib.
Azərbaycanın milli qolf yığmasının məşqçisi Spenser Henderson, qolf turnirlərində könüllülərin işinin təşkili üzrə təcrübəli mütəxəssis Kamilla Deyvis, Azərbaycan Qolf Federasiyasının əməkdaşları, təlimçilər baş tutmuş tədbirdə könüllülərə Azərbaycanda qolf oyununun tarixindən danışıb, qolfun sirləri, oyun qaydalarını, qarşıdakı “Challenge Tour” çərçivəsində könüllülərin görməli olduqları işlər barədə geniş məlumat veriblər.
“European Tour” Avropada professional zəmində qolf yarışlarının keçirilməsinə 1986-cı ildən etibarən başlayıb və bu yarışlar müasir dövrümüzün ən mötəbər qolf yarışlarından hesab olunur.
“Challange tour” dünya çərçivəsində çox mötəbər bir qolf yarışı statusunu qazanıb. Yarışlarda qalib gələn yüksək pillələri qazanmış 15 oyunçu “European tour”-un növbəti mərhələsində oynamaq hüququ qazanır və bu silsilədən olan oyunların keçiriləcəyi ölkələrdən biri olmaq, bu yarışlardan birinə ev sahibliyi etmək Azərbaycanda qolfun inkişafının bariz nümunəsidir.
Bu mötəbər beynəlxalq tədbir Quba şəhərində, 18 dəlikli, dünya standartlarına cavab verən Milli Qolf Klubunda baş tutacaq.
Tədbirə dünyanın müxtəlif ölkələrindən gəlmiş 156 qolfçu qatılacaq.