Misli Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub.
Oxu.Az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Gəncədə baş tutan və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan "Kəpəz" - "Turan Tovuz" derbisini tribunalardan 13 500 azarkeş canlı izləyib.
Qeydə alınan bu böyük rəqəm həm cari mövsümün mütləq rekordu, həm də son 10 çempionat ərzində qeydə alınan ən yüksək ikinci göstəricidir.
Son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün "Qarabağ" - "Sabah" matçını 17 338 tamaşaçı izləyib. Həmin oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Təxminən 3 illik fasilədən sonra yenidən böyük futbolu qəbul edən Gəncə şəhər stadionu üçün isə bu rəqəm son 10 mövsümün daxili rekordudur. Sözügedən arenada bundan daha böyük azarkeş izdihamı sonuncu dəfə 2016/2017 mövsümündə müşahidə olunmuşdu. Həmin vaxt, 2016-cı il sentyabrın 25-də "Qarabağ"a qarşı keçirilən matçda tribunaları 14 238 tamaşaçı doldurmuşdu.