"Mercedes" komandasının pilotu Corc Rassell "Formula-1" Azərbaycan Qran-prisinin sıralama turundan sonra yarışa yüksək əhvali-ruhiyyədə hazırlaşdığını bildirib.
Oxu.Az xəbər verir ki, britaniyalı sürücü sıralama turunda göstərdiyi nəticədən və bolidin performansından razı qaldığını deyib.
"Bolidin göstəriciləri məni tam qane edir. Hazırda özümü çox inamlı hiss edirəm. Sabahkı yarışda qələbə uğrunda mübarizə aparmaq üçün yaxşı imkanımız var.
Amma Bakıda yarışdığımızı da unutmamalıyıq. Bu trasda vəziyyət istənilən anda dəyişə bilər. Düşünürəm ki, Şarl Lekler də sabah startda çox aqressiv olacaq və ilk döngədə hücum etməyə çalışacaq. Biz isə finiş xəttini ilk keçmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".
Qeyd edək ki, Corc Rassell Azərbaycan Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərərək yarışa ilk sıradan başlayacaq.