Bu gün futbol üzrə Dünya çempionatının 1/8 finalında 1/4 finala çıxmaq uğrunda mübarizə aparan dörd komanda görüşəcək.
Bakı vaxtı ilə saat 21.00-da Fransa və Nigeriya yığmaları arasında ölüm-dirim mübarizəsi gedəcək.
01.00-da isə 1/4 finala çıxmaq üçün Əlcəzair və Almaniya görüşəcək.
Hər iki oyun gərgin keçəcək.
Bugünkü oyunlarla əlaqədar Fransada şəhərlərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin DİN rəsmi nümayəndəsi bildirib.
Bir sıra şəhərlərin meriya və prefektləri, Paris, Lion, Marsel və Qrenobl daxil olmaqla DİN-dən küçələrdə asayişin qorunması üçün ciddi tədbir görməyi xahiş ediblər.
Əlcəzair icması Fransada ən çox saylı icmadır – bu ölkənin birinci mühacir nəslinin 1 milyona yaxın uşaqları və 700 min Əlcəzair vətəndaşlığı olan şəxslər.
İyun ayının 26-dan 27-nə keçən gecə Əlcəzair yığmasının azarkeşləri komandanın 1/8 finala çıxmasını qeyd edərkən (Afrika komandası Rusiya ilə heç-heçə oynayaraq H qrupunda ikinci yeri tutub) Fransada yanğınlar və dağıntılar törədiblər. Bəzi şəhərlərdə mağazalar zərər çəkib, şəhər nəqliyyatının dayanacaqları dağıdılıb, iyirmiyə yaxın maşın və motosiklet yandırılıb, polislə münaqişə baş verib. Bu münaqişələr zamanı polis gözyaşardıcı qazdan istifadə edib. Asayiş mühafizəçiləri tərəfindən o zaman səksənə yaxın futbol fanatı saxlanılmışdı.
Əlcəzair yığmasının Almaniya yığması ilə görüşünün daha da gərgin keçəcəyi gözlənilir. Bununla əlaqədar iri şəhərlərin jandarmeriyası bir neçə min nəfərdən ibarət kontingentlə sayını artırıb. Parisdə 2 minə yaxın DİN bölüklərinin döyüşçüləri olacaq. Daha operativ nəzarət üçün səmaya helikopterlər qaldırılacaq. Brandspoytlarla təchiz edilmiş maşın parkları gücləndiriləcək.