Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Elvin 023: "Heç kimin maşınını əlindən almamışam, amma rəqiblərim piyada qalıblar"
İllər öncə avtomobillərlə drift etmək xuliqanlıq sayılırdısa, hazırda özünə güvənən sürücülər xüsusi yarışlara qatılır, mükafatlar qazanırlar. İndi drift - həm dönmə texnikasının, həm də trasda mümkün maksimum sürət və bucaq altında idarəolunan sürüşmənin istifadəsi ilə xarakterizə edilən avtoidman növünün adıdır.
Ən həyəcanlı idman yarışlarından birinin iştirakçıları - drifterlər - xüsusi hazırlanmış maneələrin öhdəsindən gəlməklə münsiflərdən ən yüksək xalı toplamalıdırlar. Onlar həm də maşınlarının görünüşü, səsi və təkərlərdən çıxan tüstünün həcminə görə də qiymətləndirilirlər. "BOX" adlanan maneə isə iştirakçının taleyini həll edir. Çünki burada sürücülər maşınlarını dairəvi şəkildə döndürməli və maneələrlə dolu kiçik dördkünc çərçivənin ətrafında drift etməlidirlər. Əgər sürücülər fırlanaraq yanlış istiqamətə dönərlərsə və ya maneəyə dəyərlərsə, xalları azalır. Üç penaltidən sonra isə yarışdan kənarlaşdırılırlar.
Azərbaycanda driftlə peşəkar şəkildə məşğul olanlar barmaqla sayılacaq qədərdir. Onlardan biri də Elvin Xudaverdiyevdir. Avtomobillərinin dövlət nömrə nişanlarında daim "023" rəqəmi olduğundan onu "Elvin 023" kimi də tanıyırlar. Oxu.Az-a müsahibəsində Elvin bəy bu idman növünə gəlişindən, küçə yarışlarından, driftin spesifikasından, gəlirlərdən, ziyanlardan və digər maraqlı məqamlardan danışıb. Onunla müsahibəni təqdim edirik:
- Öncə sizi tanıyaq. Neçə yaşından avtomobil idarə edirsiniz və ilk maşınınız nə olub? Driftdən əvvəl nə var idi?
- Mən 1990-cı ildə Naxçıvan şəhərində anadan olmuşam, dörd il sonra isə Bakıya köçüb buradakı 23 nömrəli məktəbdə təhsil almışam. İlk dəfə sükan arxasına altı yaşımda əyləşmişəm. 12 yaşım olanda atam ilk avtomobilimi hədiyyə edib - VAZ-2107. Driftdən öncə istə avtoşluq var idi.
- Bilirik ki, avtomobil yarışları ya pul müqabilində olur, ya da açar. Siz küçə yarışlarında nələr qazanmısınız, ya da nə uduzmusunuz?
- İndiyədək heç bir yarışda məğlub olmamışam. Qazanca gəldikdə isə minimum 300 AZN qazanmışam. Amma əlbəttə ki, bu, danışıqdan asılı olurdu. Rəqiblə yarışdan öncə şərtləri razılaşdırırdıq. Bəzən elə hallar olub ki, məğlub tərəf ödəməli olduğu məbləği verməyib, bəhanələr gətirib. Maşının açarından yarışmışıq, əlbəttə ki, açarı vermək istəməyib və verməyib. Gətirilən bəhanələr isə daha çox "qaydanı pozmusan" və ya "avtomobil atamındır" kimi şeylər olub.
- Elvin Xudaverdiyev indiyədək neçə nəfəri maşınsız qoyub?
- Heç kimin avtomobilini əlindən almamışam, amma yarış zamanı baş verən qəzalar rəqibin piyada qalmasına səbəb olub.
- Ən yaddaqalan küçə yarışınız kiminlə olub, nə qədər vaxt çəkib?
- İndiyədək ən yaxşı yarışlarım uşaqlıq dostum Hamletlə olub. Məsafə olaraq deyə bilmərəm, amma vaxt olaraq 35-40 dəqiqə boyunca yarışmışıq.
- Necə oldu ki, avtoxuliqanlıqdan driftə keçdiniz?
- Onda cavan idik, yaşımız artdıqca anladıq ki, təhlükəli işlə məşğul oluruq və hazırkı Bakıda avtoxuliqanlıq etmək alınmır. İndi avtoxuliqanlıq etməyi heç kimə məsləhət bilmirəm. Bunun səbəbi isə şəhərdə insanların və maşınların çoxalmasıdır. Üstəlik, hər yerdə nəzarət kameraları var. Sağlamlıq və qanunu pozmaq tərəfini də nəzərə alsaq, hazırda avtoxuliqanlıq düzgün deyil.
- Avtoxuliqanlıq edən vaxtlarınızda kimi kumir olaraq seçmişdiniz? Driftə marağınızı artıran kim olub?
- Mənim uşaqlıqdan avtomobil sürməyə həvəsim olub. Üç-dörd yaşımdan kartinqə başlamışdım. Beş-altı yaşımdan atamın avtomobilini qaçırırdım. Maşın idarə etməyi sürücümüzün əl və ayaqlarına baxaraq öyrənmişəm. Kimisə kumir seçməmişəm.
- Driftə hansı markalı maşınla başlamısınız və hazırda bunun üçün hansı markalı maşınlara üstünlük verirsiniz?
- Təcrübə yığmaq üçün VAZ maşınlarından istifadə edirdim. Peşəkar yarışlara isə BMW markalı avtomobillə qatılmışam və indi də məhz bu markaya üstünlük verirəm. Bunun səbəbi isə drift üçün əlverişli avtomobillərdən biri olmasıdır. Əslində, Yaponiya istehsalı olan avtomobillər driftdə daha əlverişlidir, amma həmin vaxt onlar Azərbaycana gətirilmədiyi üçün seçimim BMW oldu. Həm də BMW-nin ehtiyat hissələrini tapmaq daha rahat idi.
- Azərbaycanda driftdən danışanda ilk yada düşən şəxs sizsiniz. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz? İlk kim olub?
- Çox maraqlı sualdır. Yəqin ki, məndən öncə də ölkədə drift edənlər olublar, sadəcə, tanınmayıblar. Deyərdim ki, bu, hər birimizin gücüdür. Düzdür, çoxdan driftlə məşğul oluram - 2005-ci ildən. Qar yağan kimi VAZ-2106 və VAZ-2107 ilə drift etmək üçün şəhərə çıxırdım. Rusiya istehsalı olan avtomobillərlə qışda drift etmək rahat və ucuz başa gəlirdi. Misal üçün, mənim hazırda idarə etdiyim avtomobil 500 at gücündə, VAZ-2107 isə 100 at gücündə olsa da, qarlı havada eyni formada hərəkət edirlər. Yəni drift maşınlarının gücü daha çox yay fəslində ortaya çıxırdı.
- Azərbaycanda özünüzə rəqib bildiyiniz biri var?
- Lovğalıq kimi çıxmasın, amma nəinki Azərbaycanda, dünyada da heç kimi özümə rəqib bilmirəm. Dünya arenalarında çıxış edən drift pilotlarında olan avadanlıqlar və şərait məndə də olsa, məni məğlub edəcək heç kim olmaz. "İlk dəfə drifti Azərbaycana kim gətirib?" sualına isə tam səmimi olaraq deyə bilərəm ki, Avropada ölkəmizi ilk təmsil edən pilot mən olmuşam. Öz hesabıma xaricdə Azərbaycanı layiqincə təmsil etmişəm.
- Əsasən, hansı hava şəraitində drift etməyi sevirsiniz?
- Mənim ən sevdiyim drift havası yaydır. Çünki yer quru olur, daha çox sürət yığmaq imkanı əldə edirəm və daha çox adrenalin yaşayıram. Düzdür, xərci çox olur, amma yay fəslində drift mənim üçün daha xoşdur. Yağışlı havada drift etmək üçün xüsusi təcrübəyə ehtiyac var. Mənim üçün, əslində, heç bir fərqi yoxdur. Qarlı havada da, yağışlı havada da sürə bilərəm, amma hər birinin idarəetmə qaydası fərqlidir.
- Azərbaycana drifti gətirərkən hansısa problemlərlə üzləşdiniz?
- İndiyədək heç bir problem yaşamamışam. Bəziləri bizim əleyhimizə çıxmağa çalışsalar da, bacarmayıblar. Çünki etdiyim hər şey qaydalar çərçivəsində olub. 2016-cı ildə ilk dəfə drift videomu paylaşdığım zaman avtoxuliqanlıq kimi sayılmadığı üçün problem yaşamamışdım.
- Ümumiyyətlə, Azərbaycanda driftə maraq hansı səviyyədədir?
- İnsanların avtomobillərə olan marağı böyükdür. Hələ ki drift yarışları az keçirildiyi üçün pilotların və azarkeşlərin sayının az olması normaldır. Çünki belə yarışların keçirilməsindən xəbəri olmayanlar var. Ümid edirik ki, gələcəkdə daha çox izləyici kütləsi yaranacaq.
- Drift üçün avtomat, yoxsa mexaniki ötürmələr qutusu daha əlverişlidir?
- Drift zamanı mufta pedalı çox böyük rol oynadığı üçün, əlbəttə ki, mexanikadan istifadə etmək daha rahatdır. Avtomat qutuda isə sistem ağıllı olduğu üçün özü sürəti azaldır və artırır, bu da drift zamanı maneələrdə gecikmələrə səbəb olur.
- Ümumiyyətlə, avtomat ötürmələr qutusu olan maşınlarda drift etmək mümkündürmü?
- Əlbəttə, mümkündür, amma bu, peşəkar drift sayılmır. Çünki mexanika ilə sürət yığaraq maneələri rahatlıqla keçmək və ən qısa zamanda bitiş nöqtəsinə çatmaq mümkün olur. Avtomat qutuda isə bu, çox çətindir.
- Bir drift üçün minimum və maksimum nə qədər məbləğ tələb olunur? Hansı müddətə?
- Drift müddətindən və yarışdan asılı olaraq xərclər dəyişə bilir. 30 dəqiqəlik yarış üçün 500 AZN lazım olur. Bəzi avtomobillərdə bu məbləğ dəyişə bilir. Nəzərdə tutduğum məbləğ, sadəcə, drift başa çatdıqdan sonra təkər və yanacağa sərf olunur. Çünki drift başa çatdıqdan sonra maşında başqa zədələr də aşkarlana bilir və buna görə bəzən bu məbləğ 1500 AZN-i belə keçir.
- Drift etmək maşınlara nə dərəcədə zərər verir?
- Drift maşının təhlükəsizlik karkasına, mühərrik və ötürmələr qutusuna zərər verir. Bir sözlə, drift maşına çox zərər verir. Amma buna baxmayaraq, mən bunsuz yaşaya bilmərəm deyə maşına nə dərəcədə zərər dəyəcəyini çox da düşünmürəm.
- Drift pilotu olmaq üçün xüsusi istedad tələb olunur, yoxsa sonradan öyrənmək mümkündür?
- Əslində, drift üçün xüsusi istedad olmalıdır, amma sonradan da öyrənmək mümkündür. Misal üçün, hazırda 11 yaşında olan tələbəm var. Hədəfim isə hər kəsə azyaşlı uşağın da bu idman növünü öyrənə biləcəyini göstərməkdir. İstedad deyəndə nəzərdə tutduğum isə güclü hissiyyata malik olmaq və qorxu hissinin olmamasıdır.
- Sponsorunuz varmı?
- Bəli, var. Maşın yağları və energetik içki istehsal edən iki şirkət bizə maddi dəstək göstərir.
- Dünya drift yarışlarında komanda kimi iştirak edə bilərikmi, nə qədər maddi vəsait lazımdır?
- Dünya drift yarışlarında biz komanda kimi iştirak edə bilmərik, çünki maşınlarımız bunun üçün əlverişli deyil. Orada 800 at gücündən aşağı maşın yoxdur. Mənim avtomobilim 40 min manata ərsəyə gəlibsə, oradakı avtomobillər 240 min avroya ərsəyə gətirilir. Mənim idarə etdiyim avtomobil 300 at gücündə olduğu halda 800-900 at gücünə sahib olan maşınlarla mübarizə apara bilmərəm.
- Qarşıda hansı yarışların keçirilməsi nəzərdə tutulur?
- İyunun 8-i və 9-da Bayraq meydanında "Redbull Drift" yarışı keçiriləcək, orada iştirak edəcəyik. Daha sonra isə "King of drift" yarışlarında çıxış etmək üçün Gürcüstana yollanacağam.
- Heç şübhəsiz, 2000-ci illərin küçə yarışlarının öz romantikası var idi, indi isə drift artıq idman növüdür. Elvin üçün hansı daha xoşdur?
- Açığı desəm, Azərbaycanda küçə yarışları olmadığı və olmayacağı üçün drift daha maraqlıdır. Amma 2000-ci illərin yarışları da yaxşı idi. Düzdür, daha təhlükəli idi, amma onun ayrı romantikası var idi, həm də mənim uşaqlığım o illərə təsadüf edir. Dövr, zaman dəyişib deyə drift daha maraqlı gəlir.
- Əgər sponsorunuz sizə maddi dəstək olsa və Avropada çıxış etmənizə fürsət yaratsa, hansı avtomobili idarə etmək istəyərdiniz?
- "BMW F-22" idarə etmək istəyərdim. Amma qarşılaşdırmalı olsaq, əgər hazırda mənim avtomobilimi drift üçün hazır vəziyyətə gətirmək 40 min AZN xərc tələb edirsə, "F-22" üçün minimum 200 min manat lazım olacaq. Elə bir avtomobillə Avropa yarışlarında iştirak edə bilərəm.
- Və sonda, tam səmimi: Elvinin "023"ü, yoxsa Hamletin "079"u?
- Əlbəttə, "023".
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
Rəylər