"Turan Tovuz"un avrokuboklardan uzaqlaşdırılması bizim üçün gözlənilməz oldu".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin kapitan Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində "Dinamo" (Minsk) ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, onların çıxışına mənfi təsir etməyəcək:
"Klubun 90 illiyi ilə bağlı motivasiyamız böyükdür. "Dinamo" ilə oyuna köklənmişik. Bu komandanı keçdikdən sonra digər matçlar barədə danışa bilərik. İndidən "Braqa" ilə oyun haqqında danışmaq daha tez olar".
Kapitan əlavə edib ki, bu il daha yaxşı nəticə göstərəcəklərinə inanır:
"Bəzi illər olub ki, qrupa düşmək üçün yaxşı şanslarımız olub. Bəzən bəxtsizlik olub. İnanıram ki, bu il daha yaxşı nəticə göstərə bilərik".
E.Mahmudov bir neçə gün əvvəl azarkeşlərlə görüş barədə də fikirlərini bölüşüb:
"Möhtəşəm atmosfer var idi. Mövsüm ərzində bizim yanımızda olublar. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Ötən illərlə müqayisədə ciddi dəyişiklik yoxdur. İnşallah ki, yeni oyunçular da gələcək, daha yaxşı olacağıq".
Qeyd edək ki, "Neftçi" - "Dinamo" (Minsk) qarşılaşması iyulun 22-si saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək.