“Borussiya”nın və Ermənistan yığmasının yarımmüdafiəçisi Henrix Mxitaryan Dortmund komandasının məşqçisi Tomas Tuxela təşəkkür edib, eləcə də Avropa liqasının qrup mərhələsində “Qəbələ” ilə oynanılacaq matçdan gözlədiklərini bölüşüb.
“Tomas Tuxel bizim oyunumuzu dəyişdi, bu oyun keçən ilki oyundan əsaslı şəkildə fərqlənir. Biz hücum futbolunda oynadığımıza və qol vurmağımıza şadıq. İndi mən öz potensialımı tam nümayiş etdirə bilərəm, mən bu potensialı Tomas Tuxelin sayəsində ortaya çıxarmışam. O, mənə inanır, çox şadam ki, məşqçi məni yeni səviyyəyə çıxarıb”- Oxu.Az News.am-a istinadən Mxitaryanın sözlərindən sitat gətirir.
“Keçən mövsüm mənim üçün uğursuz oldu. İndi isə mən deyə bilərəm ki, “bizi öldürməyən hər şey, bizi daha güclü edir”.
Şadam ki, bu an keçib, indi mən daha əmin oynayıram və nəticələr göz qabağındadır.
Çoxları deyir ki, Bakıya “Qəbələ” ilə matça getməməklə düzgün etmişəm. Bəziləri isə əks fikirdədirlər. Mən isə düşünürəm ki, bu, düzgün qərar idi. Keçmiş matçdan artıq danışmaq istəmirəm. İndi mən “Qəbələ”yə qarşı Dortmundda oynanılacaq matç barədə düşünürəm. Ümid edirəm ki, bu, normal matç olacaq – sübut edəcəyim heç nə yoxdur.
Futbolçular tatuları, qızıl maşınları və qəşəng saç düzümlərini sevirlər? Mən tatuları sevmirəm. Maşınım var, amma qızıl deyil (gülür), saç düzümüm isə adidir”.
Qeyd edək ki, “Borussiya”–“Qəbələ” matçı noyabrın 5-də baş tutacaq və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bakıda birinci oyunda dortmundlular 3:1 hesabı ilə qalib gəliblər.
F.H.
www.oxu.az