Kiyevin “Dinamo” klubunun Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Əliyevin eks həyat yoldaşı Tatyana bir müddət əvvəl keçmiş əri tərəfindən döyülüb. O, buna sübut olaraq məşhur televiziya verilişlərinin birində hadisə zamanı aldığı xəsarətləri göstərib. Qadın keçmiş həyat yoldaşının insident zamanı sərxoş olduğunu bildirib.
Oxu.Az-ın məlumatına görə, Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, A.Əliyev bundan öncə də Tatyanaya əl qaldırıb. Hətta ötən ilin fevral və aprel aylarında döyülmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Məsələ bundadır ki, A.Əliyev ötən il baş verənləri inkar etməyib, lakin hazırki ittihamlarla razılaşmır.
“Biz ər-arvad olan vaxtlarda ona əl qaldırmışam, çünki hər gün içirdim. Hazırda onda bu xəsarətlərin haradan yarandığını bilmirəm. Rəsmi qaydada boşandıqdan sonra Tatyana mənim üçün maraqlı deyil”, - deyə idmançı bildirib.
Qeyd edilir ki, Aleksandr və Tatyana rəsmi qaydada ayrılsalar da, bir evdə yaşayırlar. Belə ki, Tatyananın şəxsi evi olmadığından, qadın hələ də A.Əliyevə məxsus mənzildə qalır. Birgə nikahdan onların iki övladı var. Həmçinin qadının birinci nikahdan olan oğlu da onlarla bir yerdə yaşayır.
S.B.
www.oxu.az