İyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda adət etdiyimiz kimi 32 deyil, 48 komanda mübarizə aparır.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, dünya çempionatında oyunların sayının artması daha böyük hakim heyətinin cəlb olunmasını tələb edib.
Turnir çərçivəsində baş tutacaq 104 matçda 52 baş hakim, 88 referi köməkçisi və 30 videoköməkçi (VAR) fəaliyyət göstərəcək.
Dəvət olunmuş ədalət təmsilçiləri arasında altı qadın da var. Bu, futbolda ilk belə hal deyil, çünki əvvəlki mundialda da altı qadın mütəxəssis iştirak etmişdi.
ABŞ-dən olan Tori Penso Şimali Amerikada keçiriləcək dünya çempionatında fit çalmaq üçün seçilmiş altı qadın hakimdən biridir. O, həmçinin turnirdə baş hakim roluna təyin edilmiş iki qadından biri kimi diqqət çəkir.

Bu, eyni zamanda, tarixi bir hadisədir, belə ki, Penso kişilərin mundialında oyun idarə edəcək ilk amerikalı qadın kimi tarixə düşəcək. Onun peşəkar hakimlik karyerası 2015-ci ildə Milli Qadın Futbol Liqasında (NWSL) başlayıb və sonradan o, kişilərin turnirlərinə keçid edib.
Artıq 2020-ci ilə qədər o, Şimali Amerikanın aparıcı liqalarından biri olan MLS matçlarına təyinat alıb. Penso olduqca zəngin beynəlxalq təcrübəyə malikdir. O, 2023-cü ildə qadınlar arasında dünya çempionatının hakim briqadasında yer alaraq ən yüksəksəviyyəli oyunları, o cümlədən final matçını idarə edib.
Katya İtsel Qarsiya DÇ-2026-da baş hakim kimi seçilən ikinci qadındır. Meksikalı referi təmkinli qərarları və oyuna ciddi nəzarəti ilə rəğbət qazanaraq beynəlxalq hakimlik korpusunda inamla irəliləyir.

Qarsiya KONKAKAF turnirlərində və yerli Meksika futbolunda ən yaxşı kişi komandalarının iştirakı ilə keçirilən matçları idarə edərək özünü ən yaxşı tərəfdən sübut edib.
FIFA-nın məlumatına görə, onun yüksək gərginlik şəraitində işləmək təcrübəsi DÇ-2026 hakimləri siyahısına daxil edilməsində həlledici rol oynayıb. Qarsiyanın bu təyinatı turnirin keçirildiyi region üçün də xüsusi önəm daşıyır: mundial Şimali Amerikada baş tutduğundan, onun bu siyahıda yer alması Meksikaya özünü yalnız futbolçular deyil, həm də yüksəksəviyyəli hakimlər arenasında təmsil etməyə imkan verəcək.
Ketrin Nesbitt DÇ-2026-da işləmək üçün seçilmiş qadın referi köməkçilərindən biridir. Onun ən dəyərli təcrübələrindən biri 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında hakim briqadasında yer almasıdır. Həmin vaxt o, kişilərin dünya çempionatında işləyən ilk qadınlardan biri kimi tarixə düşmüşdü.

Nesbitt ABŞ-nin Ali Futbol Liqasında (MLS) müntəzəm olaraq yüksək divizion matçlarında köməkçi hakim kimi çıxış edərək özünü doğruldub. Həm milli, həm də beynəlxalq səviyyədəki sabit və inamlı idarəçiliyi sayəsində o bu il genişləndirilmiş formatda keçiriləcək turnirə yenidən dəvət alıb.
Bruk Meyo da 2026-cı il dünya çempionatında referi köməkçiləri sırasına daxil edilib. O, kişi komandalarının iştirakı ilə keçirilən ən yüksəksəviyyəli matçların idarə edilməsinin etibar olunduğu kiçik qadın qrupuna qatılıb.

Amerikalı ədalət təmsilçisi ardıcıl olaraq öz karyerasını qurub və daxili yarışlarda, o cümlədən MLS-də müntəzəm fəaliyyət göstərib. O, orada dinamik və gərgin keçən matçların idarə edilməsində böyük təcrübə toplayıb.
Sandra Ramires DÇ-2026-da Meksikanı təmsil edən digər referi köməkçisidir. O, Meksika futbolunda uğurlu karyera qurub və yüksəksəviyyəli oyunlarda hakim köməkçisi kimi dəqiqliyi, eləcə də sabitliyi ilə fərqlənib. Milli və regional turnirlərdəki uğurları ona dünya çempionatının hakim briqadasına daxil olmağa yol açıb.

DÇ-2026-da qadınlar arasında yeganə videoköməkçi hakim (VAR) nikaraqualı Tatyana Qusman olacaq. O öz ölkəsində kişilərin yüksək divizion matçını idarə edən ilk qadındır.

2022-ci ildə Qətərdə baş tutan dünya çempionatında Qusman videoköməkçi hakim kimi çalışıb. O orada Stefani Frappar (Fransa) və Neuza Beklə (Braziliya) birlikdə tamamilə qadınlardan ibarət hakim briqadasının idarə etdiyi Almaniya - Kosta-Rika matçında iştirak etmişdi.