Keçmiş UFC çempionu Konor Makqreqor Şimali İrlandiyada baş verən bıçaqlı hücumdan sonra "üçüncü dünya ölkələri"ndən miqrasiyanın tam dayandırılmasına çağırıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, 30 yaşlı sudanlı Hadi Alodid qətl cəhdində ittiham olunaraq hakim qarşısına çıxarılıb. O, bazar ertəsi Belfast şəhərində bir nəfərə hücum edərək onun üz və boyun nahiyəsinə ağır xəsarətlər yetirib.
Hadisədən sonra bir sıra şəhərlərdə iğtişaşlar başlayıb.
"Üçüncü dünya ölkələrindən immiqrasiyanı dərhal dayandırın. Onların artıq buraya gəlməsinə icazə vermək olmaz", - deyə Makqreqor bildirib.
Qeyd edək ki, etiraz aksiyaları zamanı yüzlərlə insan Belfast küçələrinə çıxıb, evlərə, avtomobillərə və müəssisələrə od vurub. Şimali İrlandiya yanğınsöndürmə xidməti iğtişaşlarla əlaqədar 62 yanğın hadisəsinə müdaxilə edib.
Daha əvvəl Şimali İrlandiya polisinin rəhbəri Con Butçer bildirib ki, şübhəli şəxs 2023-cü ildə İrlandiyadan Belfasta gəlib. Bundan əvvəl o, Parisdə yaşayıb. Şimali İrlandiyaya gəldikdən sonra sığınacaq üçün müraciət edib və 2028-ci ilədək ölkədə qalmaq icazəsi alıb.