Rusiyanın Sankt-Peterburq şəhərinin Vasileostrovski Rayon Məhkəməsi Yusif Nurəddin oğlu Əliyev barəsində həbs qərarı çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peterburq məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
"Qanuni oğru" Y.Əliyev iyunun 9-da günorta saatlarında Makarov sahili küçəsindəki binalardan birinin yaxınlığında saxlanılıb. O. banditizm, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və qanunsuz silah dövriyyəsinə görə axtarışda olub.
Təqdim olunmuş materiallara əsasən, Y.Əliyev 1994-cü ildə Bakıda silahlı qrupun tərkibində bir nəfəri oğurlamaqda və qohumlarından 180 min dollardan çox pul tələb edərək onu üç sutka girov saxlamaqda ittiham olunur. Materiallardan məlum olur ki, Yusif Əliyev 1995-ci ildə digər bir şəxsin qaçırılmasında və azadlığa buraxmaq üçün 150 min dollar alınmasında da iştirak edə bilərdi.
Peterburq məhkəmələrinin birgə mətbuat xidmətindən bildiriblər ki, Y.Əliyevin Rusiyada daimi qeydiyyatı və burada rəsmi iş yeri yoxdur. O, iyulun 18-nə qədər həbsdə qalacaq. Onun Azərbaycana mümkün ekstradisiya edilməsi məsələsinə baxılacaq. Yusif Əliyev özü isə heç kimdən gizlənmədiyini əsas gətirərək verilən qərara etiraz edib.