Tovuz və Gədəbəy rayonlarında müşahidə olunan qeyri-sabit, yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub.
Oxu.Az xəbər verir ki, intensiv yağışlar səbəbindən Tovuz rayonundakı avtomobil tunellərindən birində suyun səviyyəsi yüksəlib. Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb.
Oxşar təbii hadisə Gədəbəy rayonunda da qeydə alınıb. Axşam saatlarında müşahidə olunan güclü yağış və dolu Gədəbəy şəhəri, eləcə də Gərgər və Arıqdam kəndlərində fəsadlar törədib. İlkin məlumata görə, ən çox zərər Gərgər kəndində qeydə alınıb. Təbii fəlakət kənd təsərrüfatı sahələrinə, xüsusilə kartof əkinlərinə ciddi ziyan vurub.
Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.