İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin yeni rəhbərliyi ölkə çempionatının ilk dövrəsindəki oyunlarda hakimlərin mübahisəli qərarlarını şərh etməyə hazırlaşsa da, təcrübə müvəqqəti təxirə salınıb.
Oxu.Az "ElDesmarque" nəşrinə istinadən xəbər verir ki, yenilik La Liqanın 3-cü turundan tətbiq olunacaq. Bunun hansı formada - jurnalistlər üçün keçirilən brifinqdə, yoxsa sosial şəbəkələr vasitəsilə həyata keçiriləcəyi hələlik müəyyən edilməyib. Layihə işlənmə mərhələsindədir.
Xatırladaq ki, ispanlar uzun müddətdir bu mövzunu şəffaf etməyə çalışırlar və hər oyun günündən sonra hakimin videoassistentlərlə söhbətlərinin audioyazısını dərc edirlər ki, bu da VAR müdaxiləsinin niyə baş verdiyini və konkret qərarın nə səbəbdən qəbul edildiyini anlamağa imkan verir.