İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migelin ölümü ilə nəticələnən toqquşmaya görə "Andorra"nın qapıçısı Xesus Ovono 4 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu hal ona qarşı cinayət işi açılacağı təqdirdə baş verəcək.
Oxu.Az xəbər verir ki, İspaniyadan olan cinayət işləri üzrə vəkillər Blanka Alquasil və Mariya Barbançonun məsələ ilə bağlı şərhlərini "Marca" nəşri dərc edib.
"İspaniya Cinayət Məcəlləsinin 142-ci maddəsi ehtiyatsızlıqdan adam öldürməni əhatə edir. Burada iki növ məsuliyyət nəzərdə tutulur: ağır əməl (bir ildən dörd ilə qədər həbslə cəzalandırılır) və daha az ağır əməl (3 aydan 18 aya qədər gəlir əsasında müəyyən edilən pul cəriməsi ilə cəzalandırılır). Lakin bu maddənin mövcudluğu həmin hərəkətin mütləq şəkildə cinayət əməli kimi tövsif ediləcəyi demək deyil", - deyə Alquasil bildirib.
Onun sözlərinə görə, cinayət hüququnda yalnız nəticələrin ağırlığına əsaslanaraq cinayətin mövcudluğu barədə mühakimə yürütmək olmaz.
"Əgər təhqiqat başlayarsa, məhz hakim işin hallarını və sübutları öyrənərək cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət qədər əsasların olub-olmadığını müəyyənləşdirəcək. Həmin vaxta qədər istənilən hüquqi qiymətləndirmə tez olar. Bir tərəfdən, idman qaydalarının pozulması var - bu, artıq hakimin protokolunda qeyd edilib və müvafiq idman komitələri tərəfindən araşdırılacaq. Digər tərəfdən, bunun cinayət işinə çevrilib-çevrilməyəcəyi və ümumiyyətlə, cinayət hüququna aidiyyəti olub-olmaması tamamilə başqa bir mövzudur. Cinayət araşdırması başa çatmamış yekun hüquqi nəticələr çıxarmaq olmaz", - deyə o qeyd edib.
Barbanço isə kontaktlı idman növlərində iştirakçıların şüurlu şəkildə getdiyi riskin dərəcəsinə diqqət çəkib.
"Futbol kontakt idman növüdür və oyunçular yaxşı başa düşürlər ki, meydanda gündəlik həyatda ağlasığmaz olan zərbələr almaq mümkündür", - deyə o izah edib.
Hüquqşünasın sözlərinə görə, cinayət hüququ da eyni məntiqə əsaslanır: travmalar oyun prosesinin bir hissəsi olduqda, hüquq bu vəziyyətə müdaxilə etmir. Hətta ağır xəsarətlər olsa belə, hesab edilir ki, meydana çıxan hər kəs bu cür riskləri əvvəlcədən qəbul edir.
Bununla belə, hərəkət müəyyən çərçivələrdən kənara çıxarsa, məsələ sadəcə idmanla bağlı olmaqdan çıxır. "Çətinlik bu sərhədin harada bitdiyini dəqiq müəyyən etməkdədir. Bu, heç də o demək deyil ki, faciəyə səbəb olan hər bir toqquşma cinayətdir. Xüsusilə də yalnız videoyazıya baxaraq belə nəticələr çıxarmaq qətiyyən yolverilməzdir", - deyə Barbanço əlavə edib.
Qeyd edək ki, İspaniya çempionatının ikinci ən güclü divizionunun ev matçında qapıçı Ovono ilə toqquşmadan sonra de Migelin ürəyi dayanmışdı. "Tenerife"nin futbolçusu huşunu itirmiş, tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılmış və növbəti gün vəfat etmişdi. Noyabrın 2-də keçirilən qarşılaşma "Tenerife"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.