UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində üz-üzə gələcək "Sabah" və İsrailin "Hapoel Beer-Şeva" komandaları arasındakı ilk matçın hakimi Davide Massa Azərbaycan futbol azarkeşlərinə yad sima deyil.
Oxu.Az-ın məlumatına görə, 45 yaşlı təcrübəli FIFA hakimi karyerası boyu artıq 4 dəfə Azərbaycan təmsilçilərinin avrokuboklardakı sınaqlarında baş hakim funksiyasını yerinə yetirib.
İtaliyalı ədalət təmsilçisinin yolları klublarımızla ilk dəfə 2014/2015-ci illər mövsümündə kəsişib. O, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində paytaxtın "İnter" (Bakı) klubunun İsveçdə yerli "Elfsborq"u 1:0 hesabı ilə məğlub etdiyi görüşdə fiti səsləndirib.
Daha sonra Massa ardıcıl olaraq "Qarabağ"ın matçlarına təyinat alıb. Referi 2018/2019-cu illər mövsümündə Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Arsenal" (0:3) görüşündə, 2019/2020-ci illər mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində Ağdam təmsilçisinin Kiprdə APOEL-i 2:1 hesabı ilə üstələdiyi oyunda və 2025/2026-cı illər mövsümündə eyni turnirin pley-off mərhələsindəki "Nyukasl Yunayted" - "Qarabağ" (3:2) duelində baş hakim qismində meydanda olub.
Qeyd edək ki, Buxarest şəhərində yerləşən "Stadionul Giulești" arenasında baş tutacaq qarşılaşma avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.