Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məşhur cüdoçumuz görmə qabiliyyəti zəiflərin dünya çempionatında - FOTO
Bu gündən etibarən Portuqaliyanın Odivelaş şəhərində görmə qabiliyyəti zəif və ya heç olmayan cüdoçular arasında dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, bu dünya birinciliyində Azərbaycanın paracüdo millisi də iştirak edir.
Belə ki, kişi idmançılarımız bütün yeddi çəkidə təmsil olunur. Bunlar Vüqar Şirinli, Orxan Qarayev (hər ikisi -60 kq), Namiq Abbaslı, Bayram Mustafayev (hər ikisi -66 kq), Ramil Qasımov (-73 kq), Hüseyn Rəhimli (-81 kq), Rövşən Səfərov (-90 kq), Kənan Abdullaxanlı (-100 kq) və İlham Zəkiyevdir (+100 kq). Heç görmə qabiliyyəti olmayan İlham Zəkiyev B1, Orxan Qarayev və Bayram Mustafayev B2 (orta görmə) kateqoriyalıdırsa, digərləri B3, yəni zəif görmə qabiliyyətinə məxsus idmançılardır.
Qadınlarda isə altı çəki dərəcəsindən beşində təmsil olunuruq (yalnız 70 kq-dan artıq çəkidə təmsil olunmuruq – S.M.). Bunlar Şəhanə Hacıyeva (-48 kq), Sevda Vəliyeva (-52 kq), Səbinə Abdullayeva (-57 kq), Xanım Hüseynova (-63 kq) və Zülfiyyə Hüseynovadır (-70 kq). Şəhanə və Səbinə B2 görmə qabiliyyətinə məxsusdursa, digərlərində bu B3-dür.
Artıq iki dəfə Azərbaycanı Olimpiya yarışlarında təmsil etmiş, veteranlar arasında üçqat Avropa çempionu Zülfiyyə Hüseynovanın bu yarışda iştirak edəcəyini xəbər vermişdik. Göründüyü kimi, beynəlxalq komissiya 48 yaşındakı cüdoçumuzun görmə qabiliyyətini dəyərləndirib və bu yarışda iştirak etməsinə razılıq verib.
Lakin Hüseynova əvvəllər “sağlamlar”da çıxış etmiş yeganə idmançımız deyil. Belə ki, Vüqar Şirinli yaxın illərədək cüdo millimizdə çıxış edib. O, hətta yeniyetmələrdə Avropa çempionu, gənclərdə Avropa üçüncüsü, Daşkənd Qran-Prisinin qalibi, hərbçilər arasında dünya çempionatının mükafatçısı olub, 2016-cı ildə Avropa çempionatında bürünc medal qazanmış cüdo komandamızın heyətində yer alıb.
Uzağa getməyək. Vüqar Şirinli bu ilin fevralında Avstriyada keçirilən Avropa açıq turnirində bürünc medal qazanıb. Həmin çəkidə (66 kq) çıxış edən Orxan Səfərov isə çempion olub.
Həmçinin Xanım Hüseynova da çoxlarına tanış simadır. Avropa Oyunlarının iştirakçısı, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında həm fərdi, həm də komanda yarışında gümüş medal qazanmış Hüseynova bundan sonra paracüdoya keçib. O, ötən il paracüdo üzrə Avropa çempionatında həm fərdi, həm də komanda şəklində çempion olub.
Məsələ ilə bağlı Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, Vüqar Şirinli özü çıxış etmək üçün onlara müraciət edib:
“Bizdə prosedur belədir ki, birinci idmançını Bakıda göz klinikasına göndəririk. Eynəyin qalınlığı baş barmaq qalınlığındadırsa belə, o, paralimpiyaya düşməyə bilər. Çünki onun gözünün dibində xəstəlik yoxdur. Göz dibində xəstəlik eynək taxmayan adamlarda da olur. Əgər aparatlar bu xəstəliyi tapırsa, onun beyninin “snimka”sı çıxarılır və onu yarışa göndəririk.
Beynəlxalq Tibb Komissiyasının müxtəlif ölkələrdən altmışa yaxın həkimi olur. Məsələn, Portuqaliyadakı bu turnirdə həmin həkimlərdən dördü yarışdan iki gün əvvəl idmançıları tibbi təsnifatdan keçirir. Əgər göz dibində xəstəlik varsa, onlar bu yarışa buraxılır, əks halda buraxılmırlar.
Məsələn, bizdə soyadlarını xatırlamadığım Cavid, Eldəniz adlı idmançılar olub ki, Beynəlxalq Tibbi Komissiyadan keçə bilməyib və yarışda iştirak edə bilməyib".
Onu da qeyd edək ki, millimiz ora 17 idmançı ilə yola düşsə də, üç idmançımız tibbi komissiyadan keçə bilməyib.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər