Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zülfiyyə Hüseynova paracüdo üzrə dünya çempionatında iştirak edəcək - FOTO
Tanınmış cüdo veteranımız Zülfiyyə Hüseynova yenidən idmana qayıdıb.
Oxu.Az xəbər verir ki, 48 yaşlı Hüseynova noyabrın 16-da başlayacaq və Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək paracüdo üzrə dünya çempionatında idmançı kimi iştirak edə bilər.
Bunu paracüdo üzrə qadın millimizin baş məşqçisi Ramin İbrahimovun sosial şəbəkədə paylaşdığı şəkildən də görmək mümkündür. Böyük ehtimalla, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan Hüseynova orada görmə qabiliyyəti zəif olan idmançılar arasında yarışacaq. Lakin hər şeydən əvvəl bu yarışlarda iştirak etməsi üçün onun əlillik dərəcəsi beynəlxalq komissiya tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, Zülfiyyə Hüseynova iki dəfə cüdoçu kimi Azərbaycanı 1996 və 2000 Olimpiadalarında təmsil edib. Lakin onun ciddi uğurları sambo ilə bağlıdır. O, sambo üzrə beşqat dünya və ikiqat Avropa çempionudur. Bundan başqa, Hüseynova ötən il Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş veteran cüdoçular arasında Avropa çempionatının qalibi olub.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər