İspaniyanın Linares şəhərində keçirilən FIDE qadınlar arasında komanda dünya çempionatı Azərbaycan şahmatı üçün yaddaşlara həkk olunacaq nəticə ilə başa çatdı. Yığmamız mötəbər yarışda finala yüksələrək tarixində ilk dəfə dünya çempionatının gümüş medallarını qazandı.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Finala qədər ağır yol
Azərbaycanı turnirdə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva təmsil etdilər. Komandanın kapitanı İlahə Qədimova, məşqçiləri isə Nicat Abasov və Qədir Hüseynov idi. Tərkib həm təcrübəli, həm də gənc, perspektivli fiqurlardan ibarət idi və nəticə göstərdi ki, uğuru məhz komanda balansı gətirdi.

Azərbaycan yığması yarışa A qrupunda start verdi. Komanda ilk qarşılaşmadan iddiasını ortaya qoydu. Peru üzərində 3:1 hesablı qələbə yaxşı başlanğıc idi. Növbəti turda Qazaxıstana minimal fərqli məğlubiyyət komandanın toparlanmasına mane olmadı. Qrup mərhələsini adlayan millimizi pley-offda daha gərgin görüşlər gözləyirdi.
1/4 finalda komandamızın rəqibi güclü Gürcüstan kollektivi idi. İlk oyunda qalib müəyyənləşməsə də, ikinci qarşılaşmada 2.5:1.5 üstün olan yığmamız dueli xeyrinə başa vurmağı bacardı. Finalın bir addımlığında isə rəqib yenidən Qazaxıstan komandası oldu. Bu dəfə yığmamız istər taktiki hazırlıq, istərsə də psixoloji möhkəmlik baxımından mükəmməl oyun nümayiş etdirdi. Uzun partiyalar davam edir və bərabərlik pozulmurdu. İlk iki oyun heç-heçə başa çatdı. Qalib yalnız blitsdə müəyyənləşdi. Burada 3:1 üstün olan millimiz tarixində ilk dəfə finala vəsiqə əldə etdi.

Qiymətli gümüş
Adətən, idman yarışlarında "bürünc" "gümüş"dən daha böyük sevinc gətirir. Bu, onunla əlaqələndirilir ki, bürünc medal uğrunda görüşdə qalib gələn həmin mükafata sahib çıxır, "gümüş"ü isə finalın məğlub tərəfinə verirlər. Lakin bu dəfə komandanın gümüş medalına fəxrlə sevinmək olar. Çünki qadın şahmatımız tarixində heç vaxt belə nəticə olmamışdı.
Dünya çempionatının finalında rəqib Beynəlxalq Şahmat Federasiyası - FIDE-nin bayrağı altında yarışan güclü qrossmeysterlərdən ibarət komanda idi. Rəqib həm heyətinin gücü, həm də turnirdə keçdiyi yol baxımından favorit sayılırdı. İlk görüş 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatdı. Azərbaycan şahmatçıları ikinci oyunda daha inamlı çıxış etsələr də, bu dəfə qarşılaşma 1.5:2.5 hesablı məğlubiyyətimizlə yekunlaşdı və nəticədə FIDE komandası çempion oldu.

Lakin finalın nəticəsi nə olursa-olsun, Azərbaycan yığmasının əldə etdiyi gümüş medal əslində qızıl dəyərindədir. Bu nailiyyət, dünya səviyyəsində rəqabətin ən yüksək olduğu komanda yarışında irəli doğru atılan tarixi addımdır.
Fətəliyevanın qızılı
Milli komandamızın lideri Ülviyyə Fətəliyeva yarışın ən parlaq fiqurlarından biri oldu. O, turniri 10 oyunda 6 xalla başa vuraraq birinci lövhədə fərdi qızıl medal qazandı. Bu nəticə yalnız şəxsi uğur deyil, həm də komanda üçün həlledici təkan idi. Fətəliyevanın soyuqqanlı oyunu, çətin situasiyalarda məsuliyyəti üzərinə götürməsi komanda yoldaşları üçün də əlavə motivasiya idi.

Digər şahmatçılarımız - Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva da turnirdə etibarlı çıxış edərək ümumi uğurun formalaşmasında mühüm rol oynadılar.

Medalın əhəmiyyəti
Bu uğurun əhəmiyyəti, əslində, nəticənin özündən daha genişdir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan qadın şahmatı tarixində ilk dəfə komanda şəklində dünya çempionatında medalçı oldu. Bu, şübhəsiz, qadın şahmatımızın beynəlxalq arenadakı nüfuzunu kəskin şəkildə artırır. Eyni zamanda, bu idman növündə yeni-yeni addım atan qızlar üçün motivasiyadır. Dünya çempionatında komandanın finala qədər irəliləməsi təsadüf deyil. Azərbaycanın qadın şahmatında son illərdə ardıcıl inkişaf müşahidə olunur. Müxtəlif yarışlarda qızlarımızın fərdi uğurları yekunda komanda formasında ciddi uğuru şərtləndirirdi.

Linares uğuru həm də yeni məsuliyyət deməkdir. Komanda artıq yalnız iştirakçı deyil, gələcək yarışların favoritlərindən biri olacaq. Azərbaycan kişi şahmatçıları hər zaman dünya şahmatının elitasında təmsil olunub, "iti zəka sahiblərimiz" böyük turnirlərdə bir qayda olaraq ən güclülərdən hesab olunublar. Son illərdə qadın şahmatında gedən inkişaf, bir-birinin ardınca özünü doğruldan gənc şahmatçılarla güclü bir kollektivin formalaşması anlamına gəlirdi. Bu prosesin məntiqi davamı kimi Linaresdə qazanılan gümüş medal qadın şahmatımızın artıq yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Qarşıdakı illərdə onların daha böyük arenalarda söz sahibi olacağına inanmaq üçün kifayət qədər əsas var.