Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu Tofiq Bəhrəmov adına Respublika stadionunda İtaliyanın “Fiorentina” komandasını qəbul edib və 1:2 hesabı ilə uduzub.
Matçda hesabı 60-cı dəqiqədə Matias Vecino açıb. Qarşılaşmanın 73-cü dəqiqəsində Reynaldo oyunda tarazlığı bərpa edib və yerli azarkeşləri ümidləndirib. Lakin ağdamlıların sevinci cəmi üç dəqiqə çəkib. 76-cı dəqiqədə Federiko Kyeza “Fiorentina”nın qələbə topunu vurub.
J qrupunun digər oyununda Yunanıstanın PAOK klubu Çexiyanın “Slovan” komandasını 2:0 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra “Fiorentina” 13, PAOK isə 10 xalla play-off mərhələsinə vəsiqəni təmin edib. “Qarabağ” 7 xalla üçüncü, “Slovan” isə 4 xalla qrupda dördüncü olub.
S.B.
www.oxu.az