Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Qarabağ”ın “tarixi” rekordu: Qoymayın ayə, üstümə “Sportinq” gəlir
“Qarabağ” cari mövsümdə Avropa Liqası ilə vidalaşır. Düzdür, Ağdam təmsilçisinin hələ bir oyunu var - dekabrın 14-də səfərdə İngiltərənin “Arsenal” komandasına qarşı, lakin bu görüş formal xarakter daşıyacaq.
Belə ki, Ağdam təmsilçisi noyabrın 29-da Bakı Olimpiya Stadionunda Portuqaliyanın “Sportinq” komandasına 1:6 hesabı ilə uduzduqdan sonra qrupdan çıxmaq şansını tamamilə əldən verdi. Bu biabırçılıqda sonra Londonda nələrin baş verə biləcəyini təsəvvür etmək belə qorxuncdur.
Oyuna gəldikdə, portuqaliyalılar artıq beşinci dəqiqədə hesabı açmışdılar. Bas Dost penalti zərbəsini dəqiq yerinə yetirərək adını tabloya yazdırdı.
14-cü dəqiqədə Abdullah Zubir hesabı bərabərlişdirdi. Bu qol “Qarabağ” azarkeşlərini ruhlandırsa da, bu sözləri futbolçulara aid etmək olmaz. Bundan sonra isə “Sportinq” “Qarabağ”ın qapısından daha beş top keçirdi. Bruno Fernandeş (20 və 75-ci dəqiqələrdə) və Diabi (65 və 82-ci dəqiqələr) dubla imza atdılar, daha bir dəfə isə Nani fərqləndi (33-cü dəqiqədə).
Bu, “Qarabağ”ın doğma meydanda ən böyük hesablı məğlubiyyətidir. Dünənki oyuna qədər “köhlən atlar” “Kopenhagen”ə (1998/99 – Kuboklar kuboku) 0:4 hesabı ilə və “Çelsi”yə (2017/18 – Çempionlar Liqası) eyni hesabla uduzmuşdu.
Beləliklə, ağdamlılar ötən gün daha bir “tarixi rekord”a imza atdılar, daha doğrusu, antirekorda. İrəli gedib, inkişaf etmək əvəzinə, keçmiş günlərimizə geri dönürük.
Əslində, kapitan Rəşad Sadıqovun 100-cü oyununda doğma meydanda “Qarabağ”ın belə bir hesabla məğlub olacağını çoxları gözləmirdi. Lakin Lissabon təmsilçisinin inamlı oyunu və “Qarabağ” futbolçularının meydançada “gəzintisi” sonda tabloda özünü göstərdi. Hətta güclü külək belə lissabonlulara öz oyununu göstərməyə mane olmadı, əksinə, bu külək “Qarabağ” futbolçularını “əsdirdi”.
Cari mövsümün əvvəlindən həm yerli çempionatda, həm də Avropanın yaşıl meydanlarında çox pis təsir bağışlayan “Qarabağ” dünənki oyunla “yağlı bir nöqtə” qoydu.
Qurban Qurbanovun sehirli çubuğu elə bil artıq sehrini itirib. Baş məşqçi uğursuzluq zolağından çıxa bilmir. Ümumiyyətlə, milliyə baş məşqçi vəzifəsinə təyinat alandan sonra Qurbanovun işləri yaxşı getmir. Belə desək, bir əldə “iki qarpız” tutmaq alınmır.
Və hər oyundan sonra mətbuat konfransında “mən futbolçularımda günah görmürəm” deyən Qurbanov bu dəfə komandanın “acizliyini” və zəif oyununu etiraf etməli oldu.
Görəsən, günah futbolçularda deyilsə, kimdədir? Bəlkə, stadionu sulayan bağbanlar işlərini düzgün görmürlər və ya qapı üçbucaq, top kvadrat idi? Ancaq portuqaliyalılar da eyni stadionda, eyni topla, eyni qapılara vurdular.
Bütün problemlərin, çatışmazlıqların göz qarşısında olduğu zaman heç kim onların həll olunması istiqamətində addım atmır.
Artıq azarkeşlər də komandaya inamını itiriblər. Rəsmi məlumata görə, oyuna 10 min bilet satılmışdı. On min azarkeş, finalın keçiriləcəyi Bakı Olimpiya Stadionu isə bu gecə, sadəcə, biabırçılıqdan başqa bir şey görmədi. Düzdür, ilk hissədən sonra onların yarısından çoxu artıq stadionda yox idi. Elə futbolçularımız kimi.
Bəzi azarkeşlər “belə futbola baxmaqdan utandım”, “oyunun tez qurtarmasını arzulayırdım, yox, havanın soyuq olmasına görə yox, sadəcə, qorxurdum ki, yenə qol vurarlar” deyə yazırlar. Görünür, futbolçular da oyunun tez qurtarmağını gözləyirdilər. Qapıçı Hannes Halldorsson elə bil oyunda yox idi, mərkəz hücumçusu ampluasında ilk dəqiqələrdə meydana çıxan Araz Abdullayev “oyundan kənar”da qaldı, elə sözün hər iki mənasında, Mahir Mədətov hələ Farer adalarına vurduğu qolun eyforiyasındadır, Rəşad Sadıqov isə hələ də “gedir”.
İki il bundan əvvəl bizlərə əsl futbol həyəcanını yaşadan “köhlən atlar” bu gün ilk növbədə uğursuz transferlər səbəbindən ağır günlərini yaşayır.
Seymur Baxşev
www.oxu.az
Rəylər