Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani bürünc medal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib Pyotr Pajinski (Polşa) olub.
İlk hissədə Harçeqaninin zərbəsi baş məşqçi Reza Mehmandustun etirazından sonra qeydə alınıb və ona 3 xal verilib. Sonradan iranlı legioner daha 1 xal qazanıb - 4:0.
İkinci raunda da Harçeqani fəal başlayıb və daha 4 xal alıb. Sonradan o, 1 xal da qazanaraq, hissəni 9:0 hesablı üstünlüklə tamamlayıb.
Üçüncü hissənin əvvəlində isə Harçeqani daha 3 xal qazanaraq, təmiz qələbəyə nail olub.
Beləliklə, Azərbaycana olimpiadada 14-cü medalı Milad Beigi Harçeqani qazandırıb. Onlardan 13-ü rəsmiləşib - 4 gümüş, 9 bürünc medal. Harçeqani də qadın taekvondoçu Patimat Abakarova (49 kq) kimi bürünc medalla kifayətlənib.
00:49
Taekvondoçumuz Milad Beigi Harçeqani finala gedən yolda britaniyalı Lutalo Muhammadla qarşılaşıb.
Oxu.Az-ın məlumatına görə, bu dəfə təmsilçimiz qələbə qazana bilməyib – 7:12.
Beləliklə, M.Harçeqani bürünc medal uğrunda mübarizə aparacaq.
19.08.2016 23:00
Azərbaycanı taekvondoçusu Milad Beigi Harçeqani 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının yarımfinalına çıxıb.
Oxu.Az xəbər verir ki, 1/4 final mərhələsində iranlı Mehdi Xudabəxşi ilə qarşılaşıb.
Təmsilçimiz ikinci görüşündə də inamlı qələbə qazanıb (17:5) yarımfinal mərhələsinə yüksəlib.
17:36
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, 80 kq. çəki dərəcəsində çıxış edən iranlı legioner 1/8 finalda Malidən olan İsmael Kulibali ilə üz-üzə gəlib.
İlk yarıda Harçeqani rəqibin başına zərbə endirərək hesabı 4:0-a çatdırıb. Hakimlər tərəflərə xəbərdarlıq da ediblər.
İkinci hissədə Azərbaycan taekvondoçusu daha 7 xal qazanıb, rəqibi isə 4 xalla kifayətlənib. Üçüncü hissədə tərəflər hərəyə 2 xal qazanıblar. Nəticədə 13:5 hesabı ilə qalib gələn Harçeqani 1/4 finalda Mahdi Xodabaxşi (İran) - Migel Ferrera (Honduras) cütünün qalibi ilə üz-üzə gələcək.