Portuqaliyada yüzlərlə azarkeş futbol ulduzu Kriştianu Ronaldunun toyunu görmək ümidi ilə Madeyra adasının Funşal şəhərindəki kilsənin qarşısına toplaşıb, lakin futbolçunun toyu baş tutmayıb.
Oxu.Az 20min.ch portalına istinadən xəbər verir ki, azarkeşlərin gözlədiyi kilsəyə Ronaldu və Corcina Rodrigesin əvəzinə başqa bir cütlük gəlib.
Ronaldunun bacısı Elma Aveyru sosial şəbəkələrdə kilsənin qarşısında gözləyən insanların görüntüsünü paylaşaraq vəziyyəti "sürreal" adlandırıb. O, qəzetləri insanları yanlış məlumatlandırmaqda ittiham edib.
Son həftələrdə Ronaldu və Corcina Rodrigesin avqustun 8-də Madeyrada evlənəcəkləri barədə şayiələr yayılmışdı. Toyun keçiriləcəyi ehtimal olunan məkan kimi Funşaldakı kilsələrdən biri göstərilmişdi. Məlumatı əvvəlcə "The Sun" yayıb, daha sonra digər beynəlxalq KİV də bu xəbəri tirajlayıb.
Ronaldunun bacıları Katya və Elma Aveyru iyulun sonunda bu məlumatları açıq şəkildə təkzib edərək onların yalan olduğunu bildiriblər. Buna baxmayaraq, çoxsaylı azarkeşlər 30 dərəcə istidə kilsənin qarşısında gözləyiblər.
Ronaldunun Corcina ilə nə vaxt və harada evlənəcəyi hələ məlum deyil. Futbolçu əslində toy planlaşdırmasa da, sevgilisinə evlilik təklifi edib. Elmanın sözlərinə görə, Ronaldu bunu Corcinanı sevindirmək üçün edib.