“Anam və atam Gəncədəndirlər. Bütün qohumlarımın hamısı Gəncədədir. Sonuncu dəfə 2018-ci ilin yayında bu şəhərdə olmuşam. Ancaq mən özüm Rusiyanın Tolyatti şəhərində anadan olmuşam. Üç yaşım olanda atam Novosibirskə köçüb. Ona görə də Novosibirskdə böyümüşəm, idmanın sirlərinə də bu şəhərdə yiyələnmişəm. ”.
Bunu Oxu.Az-a Rusiyada döyüşən azərbaycanlı MMA idmançısı Zemfira Əliyeva deyib.
29 yaşlı idmançı MMA-ya necə başladığını bizə anladıb:
“14 yaşımdan idmanla məşğulam. Üç il sonra boksu öyrənməyə başladım. 28 yaşdan isə qaydasız döyüşdəyəm. Hazırda beynəlxalq dərəcəli idman ustasıyam.
2019-cu ilin mayında MMA üzrə Rusiya çempionu olmuşam. Həmin ilin noyabrında isə MMA üzrə dünya çempionatında bürünc medal qazanmışam. Daha sonra karantin elan edildi və bütün yarışlar ləğv edildi”.
Z.Əliyevanın aktivində altı həvəskar MMA döyüşü var. O, bunlardan yalnız sonuncusunda – 2019-cu ilin noyabrın 14-də Bəhreynin paytaxtı Manamada keçirilmiş dünya çempionatında uduzub. Belə ki, Əliyeva dünya çempionatında meksikalı Violeta Mendosa və qazaxıstanlı Tolkın Dauenbəyovaya qalib gəlsə də, isveçli Bianka Antmana uduzaraq bürünc medalla kifayətlənib. Bu onun beynəlxalq miqyasda ilk medalı olub.
Səbuhi Musayev