"Seltik" klubu Azərbaycan çempionatında çıxış edən daha bir futbolçunun transferini planlaşdırır.
Oxu.Az şotland mediasına istinadən xəbər verir ki, "ağ-yaşıllar" "Sabah"ın gənc vingeri Aaron Maludanı öz heyətinə qatmaq istəyirlər.
Gənc vingerin Azərbaycan təmsilçisi ilə 2029-cu ilin dekabrına qədər müqaviləsi var. Lakin yayılan xəbərlərə görə, "Seltik" bu iddialı transferi təxminən iki milyon funt sterlinq müqabilində reallaşdırmaqda maraqlıdır.
Qeyd edək ki, Fransa millisinin və "Çelsi"nin əfsanəvi futbolçusu Floran Maludanın oğlu olan 20 yaşlı oyunçu, "Lill" klubundan transfer olunduqdan sonra "Sabah"ın heyətində inamlı çıxışı ilə diqqət çəkib. Gənc istedad ötən mövsüm Azərbaycan Premyer Liqasında 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, bir müddət əvvəl "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranı öz heyətinə qatmışdı.
