SOCAR Energy Georgia şirkəti Gürcüstanın Şahmat Federasiyasının mühüm idman layihələrini və tədbirlərini dəstəkləməyə davam edir.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, sponsor fəaliyyəti gürcü şahmatçılarının şahmat üzrə dünya çempionatında qadınlar arasında komanda çempionatında qalib gəlməsində mühüm rol oynayıb. Çempionat Çendu (Çin) şəhərində aprelin 19-dan 28-nə qədər keçirilib.
Gürcüstan yığması dünya çempionu olub. Gürcülər 2,5-1,5 hesabı ilə 2007, 2009, 2011-ci il dünya çempionları Çin yığmasına qalib gəliblər. Gürcüstan şamatçılarının son nəticəsi 17 xaldır.
Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadzenin sözlərinə görə, gürcü şahmatçıları dünyada ən güclü olduqlarını sübut ediblər.
“Mən gürcü xalqını Çində əldə etdikləri qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu, ən mühüm turnir idi, burada dünyanın 10 ən yaxşı komandası iştirak edirdi.
Gürcü idmançıların qələbəsində bizim baş sponsorumuz SOCAR Energy Georgia da mühüm rol oynayıb. O, 2008-ci ildən Gürcüstanın Şahmat Federasiyasının mühüm idman layihələrini və tədbirlərini dəstəkləməyə davam edir. Olimpiya və dünya çempionları Nonna Qaprindaşvili və Maya Çiburdanidzenin adından şirkətin direktoru Mahir Məmmədova xüsusi təşəkkürümüzü bildirmək istəyirik”, - Gürcüstan Şahmat Federasiyasının prezidenti jurnalistlərlə söhbətdə bildirib.
Lela Cavaxişvili qeyd edib ki, dünya çempionlarının sözlərinə görə, 2008-ci ildə SOCAR Energy Georgia şirkətinin sponsor olmasından sonra “biz olimpiadada qələbə çaldıq, dünya və Avropa çempionatlarında çox sayda medallar qazandıq”.