Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vaqif Cavadov: "Rəhbərlik bildirdi ki, qarşıdakı illərdə yenidən baş məşqçi kimi çalışa bilərəm"
Bu gün "Sumqayıt"ın baş məşqçi vəzifəsindən ayrılan Vaqif Cavadov müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a açıqlama verən mütəxəssis rəhbərliyin qərarına hörmətlə yanaşdığını bildirib.
"Rəhbərliyin qərarıdır və hörmətlə yanaşıram. Sağ olsunlar ki, Premyer Liqada ilk baş məşqçi kimi təcrübəni mənə "Sumqayıt" rəhbərliyi yaşatdı. Mənə güvəndilər. Düşünürəm ki, öz növbəmdə klubu ən yaxşı şəkildə təmsil etdim. Qarşıma avrokuboklara düşmək məqsədi qoyulmamışdı. Hədəfimiz elitadakı yerimizi qorumaq idi ki, bunun da öhdəsindən gəlməyi bacardıq. Sadəcə, mövsümün son oyunlarında nəticələr ürəkaçan olmadığına görə belə bir qərar qəbul edildi. Hazırda PRO kateqoriyası üzrə məşqçilik kursum davam edir. Klubun aşağı yaş qruplarından ibarət komandalarından birində fəaliyyətimi davam etdirəcəyəm", - deyə V.Cavadov vurğulayıb.
O, rəhbərliyin yeni mövsümdə ona şans verməməsi barədə danışıb:
"Ola bilsin ki, rəhbərliyin növbəti mövsüm üçün şans verməyə zamanı yoxdur. Mən bunu normal qarşılayıram. Bu cür proseslər futbolun içində var. İnanıram ki, növbəti illərdə yenidən böyük təkliflər alacağam. Rəhbərliklə bugünkü görüşümüzdə bildirildi ki, qarşıdakı illərdə yenidən baş məşqçi kimi çalışa bilərəm".
35 yaşlı mütəxəssis bundan sonra yaxşı təkliflərə açıq olduğunu vurğulayıb:
"Əlbəttə, yaxşı təkliflərə hər zaman açıq olacağam. Artıq Premyer Liqada baş məşqçi kimi təcrübəm var. Baş məşqçilərin işi elədir ki, bu gün buradasan, sabah başqa yerdə. Ona görə baş məşqçi kimi fəaliyyətimi davam etdirib, Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Lakin hazırda "Sumqayıt"dakı işimə davam edəcəyəm. Hansı yaş qrupunda çalışacağım dəqiq deyil".
"Sumqayıt" komandasını Misli Premyer Liqasının son iki oyununa baş məşqçi kimi çıxaracaq şəxs müəyyənləşib.
Oxu.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müvəqqəti olaraq Vurğun Hüseynova tapşırılıb.
Qeyd edək ki, "Sumqayıt" bu gün baş məşqçisi Vaqif Cavadovla vidalaşdığını açıqlayıb. Komanda 35-ci turda "Turan Tovuz"la, 36-cı turda "Səbail"lə üz-üzə gələcək.
"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, Vaqif Cavadovla ötən il 2.5 illik müqavilə imzalanmışdı.
"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz" 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.