"Azərbaycanda rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi istiqamətində sistemli dövlət siyasətinin bünövrəsi hələ 2007-ci ildən etibarən formalaşdırılmağa başlanılıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilməsi, elektron hökumət həllərinin tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və innovasiya ekosisteminin inkişafı ölkənin gələcək rəqəmsal inkişafı üçün möhkəm təməl yaradıb".
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Məzahir Əfəndiyev deyib.

O bildirib ki, bu məcrada dövlət idarəçiliyində aparılan kompleks institusional islahatların mühüm tərkib hissəsi kimi, ölkə başçısının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması haqda 13 iyul 2013-cü il tarixli Fərmanını xüsusi vurğulamaq olar:
"Reallaşan ardıcıl tədbirlərin davamı olaraq Prezident İlham Əliyevin 2020-ci ildə keçirilən Davos Dünya İqtisadi Forumunda Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzaladığı Niyyət Protokolunu xüsusilə qeyd etməliyik. Belə ki, həmin mərkəzin açılışı Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensialın mövcud olduğunun bariz nümunəsidir. Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri ölkə rəhbərliyinin Azərbaycanı dünyada baş verən dəyişikliklərin lokomotiv qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlirdi. Dünyada az sayda olan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması siyasi və iqtisadi müstəqilliyimizin daha da möhkəmlənməsi, eyni zamanda milli iqtisadiyyatın bundan sonra rəqəmsallaşmanın müasir çağırışlarına uyğun şaxələndirilməsi və ölkəyə əlavə investisiyaların cəlb edilməsi, habelə yeni iş yerlərinin, xüsusilə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Hazırda dünyada Dördüncü Sənaye İnqilabının yaratdığı transformasiya prosesləri, rəqəmsallaşma, süni intellekt, bulud texnologiyaları, innovasiyalar və digər qabaqcıl texnologiyalar dövlət idarəçiliyinə, iqtisadiyyata və cəmiyyətə yeni çağırışlar gətirir. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qlobal texnoloji trendləri milli maraqlara uyğun şəkildə lokallaşdırmaq, rəqabətqabiliyyətli rəqəmsal ekosistem formalaşdırmaq və çevik institusional idarəetmə modelləri yaratmaqdır.
Eyni zamanda, qabaqcıl beynəlxalq təcrübənin sistemli şəkildə öyrənilməsi, milli qanunvericiliyin müasir texnoloji reallıqlara uyğunlaşdırılması, yeni institutların formalaşdırılması və insan kapitalının inkişafı ölkənin rəqəmsal transformasiya strategiyasının uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri kimi çıxış edir".
"Cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi bu sahədə yeni addımların atılmasının zərurətini ortaya qoydu. Daha sonra fevralın 27-də Rəqəmsal İnkişaf Şurasının yaradılması, eləcə də "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmlərinin vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilməsini təmin edərək rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı, kibertəhlükəsizlik kimi istiqamətləri əsas hədəf olaraq müəyyən etdi. İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasın gündəliyində müzakirə olunan əsas məsələlərdən biri rəqəmsal inkişaf və süni intellekt sahəsində qanunvericilik bazasının formalaşdırılması, hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi oldu. Bu yanaşma innovasiyaların təhlükəsiz, məsuliyyətli və davamlı tətbiqini təmin etməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, eyni zamanda beynəlxalq standartlara uyğun tənzimləyici mühitin yaradılması üçün mühüm zəmin formalaşdırır", - deyə parlament üzvü qeyd edib.
Müsahibimizin sözlərinə görə, bu hədəflərə nail olmaq üçün hazırlanan qanunvericilik paketi Azərbaycanın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlardan biridir:
"Qanunvericiliyə təklif edilən dəyişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 qanuna, doqquz Prezident fərmanına və üç Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir. Qanunvericilik bazasının formalaşdırılması ilə yanaşı olaraq, müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası prioritetlərindən biri olaraq müəyyən edilib. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Rəqəmsallaşan dünyamızda süni intellekt texnologiyaları Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində də qlobal miqyasda strateji alətə çevrilib. Bu gün süni intellekt səhiyyə, təhsil, kənd təsərrüfatı, ətraf mühit və iqtisadiyyat sahələrində innovativ həllər təklif edərək sosial rifahın artırılmasına və resursların səmərəli istifadəsinə töhfə verir. İclas zamanı Mehriban xanım Əliyevanın süni intellektin strateji əhəmiyyətini vurğulayaraq qeyd etdiyi kimi, bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməlidir.
Azərbaycan təcrübəsi göstərir ki, rəqəmsallaşma, innovasiyalar, süni intellekt yalnız texnoloji yenilik deyil, həm də dayanıqlı inkişafın mühərriki rolunu oynayır. Bu istiqamətdə formalaşdırılan institusional və hüquqi çərçivənin ardıcıl şəkildə təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, milli maraqlara uyğun tətbiqi ölkənin rəqəmsal transformasiya prosesini sürətləndirəcək, innovativ, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verəcək".