"Hörmətli müzakirə iştirakçıları, nəzərinizə çatdırım ki, sizə və media vasitəsilə ictimaiyyətə təqdim olunan məlumatlar rəqəmsal ekspertiza və insidentlərə cavab sahəsində peşəkar mütəxəssislər tərəfindən hazırlanmış hesabata əsaslanır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov fevralın 20-də bir sıra media resurslarına hücumlarla bağlı danışarkən deyib.
O bildirib ki, dünyanın ən güclü kibercasus qruplarından biri tərəfindən həyata keçirilmiş hücumun necə və hansı məqsədlə edilməsinin müəyyən olunması bir daha onu göstərdi ki, İKT sahəsində də Prezidentimizin rəhbərliyi altında milli maraqlarımıza əsaslanan fəaliyyətlər uğurla həyata keçirilir:
"Hesabatın texniki hissəsi ilə də tanış olduqdan sonra dövlətimizin bu sahədə kifayət qədər irəlilədiyinin bir daha şahidi olduq.
Əmin ola bilərsiniz ki, bu gün dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə, bunu edənləri ifşa etməyə və qarşısını almağa qadirdir".
Mərahim Nəsib