Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
MTK-ları "ələ keçirən" provayderlər: İnterneti olmayan sakin nə etsin?
Ölkədə bir çox internet provayderləri var ki, mənzil-tikinti kooperativlərinin (MTK) rəhbərləri ilə razılaşaraq, onların tikdikləri binalarda təkbaşına fəaliyyət göstərirlər, digər provayderlərin həmin ərazidə imkanları isə məhdudlaşdırılır. Provayderlərin işindən narazı qalan sakinlərin xidməti dəyişmək şansı olmur, bu isə istehlakçıların hüququnun pozulması deməkdir.
Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ilin əvvəlindən başlayaraq internet provayder və operatorlarının uçotunun aparılmasını həyata keçirir. İndiyədək 159 internet provayderi və operatorun uçotu tamamlanıb.
Qurumun media ilə iş üzrə baş meneceri Tural İbadlı Oxu.Az-a açıqlamasında bildirilib ki, vətəndaşlar tərəfindən çoxmərtəbəli yaşayış binalarında sakinlərin (abunəçilərin) keyfiyyətli telekommunikasiya (telefon və internet) xidmətlərindən tam istifadəsinə maneələrin yaradılması barədə məlumatlar daxil olur.
Onun sözlərinə görə, "Telekommunikasiya haqqında" Qanuna əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır:
"Son vaxtlar İKTA-ya belə halların mövcudluğu ilə bağlı yalnız vətəndaşlardan müraciətlər daxil olur. Agentliyin digər aidiyyəti strukturlarla birlikdə müdaxiləsi nəticəsində problemlər aradan qaldırılıb. Amma təəssüf ki, telekommunikasiya bazarı iştirakçılarının onların hüquqlarının tapdanması ilə bağlı tənzimləyici quruma müraciəti qeydə alınmayıb. Provayderlərin faktiki ünvanda onlara fəaliyyət göstərməyə mane olan MTK-lar haqqında şikayətləri olmadığından hansısa müvafiq addımın atılması mümkün deyil. İKTA bunun üçün vətəndaşları və provayderləri fəal olmağa, müvafiq halla rastlaşdıqda rəsmi şikayət etməyi məsləhət görür".
Menecer bildirib ki, bununla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində müvafiq addımlar atılacaq:
"Operatorların, provayderlərin və istehlakçıların mənafeyinə zidd olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olan qanunsuz fəaliyyətə yol verən MTK rəhbərləri ilə yanaşı, müvafiq binalarda digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində də qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində müvafiq addımlar atılacaq. İstifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanuna zidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar".
Tural İbadlı əlavə edib ki, qeydiyyata alınmayan provayderlər uçota durmaq üçün ərizə göndərməlidirlər:
"Uçota alınmayan operator və provayderlər, o cümlədən host provayderlər uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər. Vətəndaşlara müraciət edərək bildiririk ki, operator və provayderlərin xidmətlərindən istifadə edərkən onların uçota alınması ilə bağlı məsələləri dəqiqləşdirsinlər. Bunun üçün isə İKTA-nın saytına daxil olmaq kifayətdir. Tövsiyə olunur ki, tənzimləyici orqan tərəfindən uçota alınmayan internet provayderlərinin xidmətlərindən istifadə etməsinlər və belə halla qarşılaşdıqda İKTA-ya məlumat versinlər.
Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirir, genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunur. Həmçinin, istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayır".
İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə Oxu.Az-a bildirib ki, provayderlərin fəaliyyətində tarazlıq olmadığı üçün öz abunəçilərinə kifayət qədər problem yaşadırlar:
"İlk olaraq qeyd edim ki, provayderlər eyni səviyyədə fəaliyyət göstərmirlər, onların maliyyə dayanıqlılığı, xidmət əhatəsi, infrastruktur səviyyəsi və müştəri həcmləri eyni deyil. Ancaq bütün provayderlər eyni standartla xidmət göstərməli, avadanlıq, təhlükəsizlik və digər müstəvilər üzrə göstəricilərə cavab verməlidirlər. Bu məsələdə Azərbaycanda tarazlıq yoxdur. Buna görə də öz abunəçilərinə kifayət qədər problem yaşadırlar".
Elvin Abbasov qeyd edib ki, provayderlər istehlakçıların hüquqlarını qorumaq baxımından təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməlidirlər:
"Təhlükəsizlikdə fundamental məsələ "security log"dur. Bu, adətən, insident zamanı aidiyyəti qurumların xətanı aşkarlamaq üçün istifadə etdikləri əməliyyat tarixçəsidir. Onun qəti standartı olmalıdır, burada boşluq ola bilməz. Provayderlərin əməliyyat tarixçəsinin arxivini saxlamamaq kimi xüsusiyyətləri olmamalıdır. Bu qaydaya əməl etməsələr, onların qeydiyyatları ləğv edilməlidir.
Müştəri hüquqlarını qorunmasında əsas məsələ provayderlərin "security log"ları təmin etməsidir. Çünki insident vaxtı əlçatan informasiya mənbəyi, sadəcə, bu olacaq".
Onun sözlərinə görə, provayderlər və subprovayderlər öz avadanlıqlarının keyfiyyətini, standartını elə təmin etməlidirlər ki, istehlakçı lazım olan interneti əldə edə bilsin:
"Bunun üçün binalarda yerləşdirilən paylayıcı avadanlıqlar və bunun kimi bir çox məqam diqqətə alınmalıdır. Məsələn, internet xətləri yüksəkgərginlikli elektrik kabelləri ilə yan-yana olmamalıdır və s".
Qeyd edək ki, Azərbaycanda 1,92 milyon sabit genişzolaqlı internet abunəçisi var. Onların 67%-i 30 Mbit/s və ya daha sürətli internet tariflərinin abunəçiləridir. Eyni zamanda, abunəçilərin 77%-i fiber-optik kabellər vasitəsilə internet xidmətlərinə qoşulub.
Almaz Qasımova
"İnternet problemi" teqi üzrə xəbərlər
- Tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan problem aradan qaldırıldı
- Naxçıvanda internet və rabitə xidmətlərinin verilişində fasilələr yaranacaq
- Bu xəbərləri qaçırmayın: 27.08.2024-ün ən mühüm hadisələri
- Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
- İnternet üçün aylıq ödənişi etməyənə cərimə gələ bilər?
Rəylər