Nəyə görə evimi sığortalamalıyam? Yalnız bu suala əsaslı cavab tapan şəxs potensial sığortalıya çevrilir. Adından da göründüyü kimi bu daşınmaz əmlakdır, həmişə qoyub getdiyiniz yerdədir. Axı, başına nə gələ bilər? Əslində daşınmaz əmlak mülkiyyət forması kimi heç vaxt dəyərini itirmir. Xarici təhlükələrdən maksimum qorunur. Lakin bu əmlak növünə dəyən hər hansı cüzi ziyan maddi cəhətdən baha başa gəlir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Rəhman Hacıyev Oxu.Az-a müsahibəsində vətəndaşların hansı səbəblərdən dolayı evlərini sığortalamadıqlarına aydınlıq gətirib.
- Hazırda Azərbaycanda sığorta şirkətləri evini sığortalamaq istəyən şəxslərə hansı şərtləri təklif edir?
- Əmlakın sığortalanması zamanı ilkin 25 min manat təminata qədər “Daşınmaz Əmlakın İcbari Sığortası” (DƏİS) təklif edilir. 25 min manatdan yuxarı sığorta məbləğləri üçün sığorta şirkətlərinin daxili könüllü əmlak sığortası üzrə şərtlərlə müştərilərə təklif edilir. DƏİS “İcbari sığortalar haqqında” qanuna əsasən tənzimləndiyi üçün lisenziyası olan bütün sığorta şirkətlərdə eyni şərtlərlə, eləcə də, daşınmaz əmlakın könüllü sığortası üzrə təkliflər demək olar ki, bütün sığorta şirkətlərində eyni şərtlərlə müştərilərə çatdırılır.

- Vətəndaşların əksəriyyəti evlərini sığortalamaqda maraqlı deyil. Bunun başlıca səbəbləri nələrdir?
- Bu barədə bölüşəcəyim fikirlər müştərilərdən aldığım rəylərə və təcrübəmdə yaşananlara əsaslanır. Bu sualın bir neçə cavabı var. Cavablardan biri, icbari əmlak sığorta növü üzrə cərimənin olmamasıdır. Cərimə tətbiqinin həmin növün inkişafına böyük təkan verir. Daha bir səbəblərdən biri ölkədə sığorta şirkətlərinin hadisənin tənzimlənməsində yaşadığı problemlərdir ki, bu da müştərilərin hadisə zamanı narazı qalmasına gətirib çıxarır, müştəridə hadisədən sonra neqativ fikir qalır.

- Vətəndaş və ya sahibkar əmlakını sığortalamasa nə kimi cəza və ya çətinliklərlə üzləşə bilər?
Qanunda cərimələr nəzərdə tutulmasına baxmayaraq, fərdi evlər üçün cərimə yazılmır. Lakin, sahibkarlar üçün cərimələr FHN tərəfindən həyata keçirilir ki, bu zaman da sığortalanma prosesi düzgün və şirkətin siyasətinə uyğun formada aparılmadığı üçün digər sığorta şirkətləri bu bazarda xırda sahibkarla daha sıx əməkdaşlıq edirlər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən , müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

- Azərbaycanda əmlakla bağlı daha hansı sığorta növləri var?
- Fərdi şəxslər üçün iki növ mövcuddur. Bunlara daşınmaz əmlakın icbari sığortası və daşınar əmlakın könüllü sığortası aiddir.
- Dünya praktikasında daşınmaz əmlak sığortasının hansı növləri tətbiq olunur? Onlardan ən maraqlısı hansı ola bilər?
- Dünya praktikasında inkişaf etmiş ölkələrdə icbari növ kimi təminat verilən hissə daşınmaz əmlakın sığortası üzrə deyil, sığortalının daşınmaz əmlak üzrə üçüncü şəxslər qarşısında məsuliyyət sığortası icbari hesab edilir. Daşınmaz əmlakın sığortası isə könüllü olaraq qalır. Türkiyədə isə daşınmaz əmlakın icbari sığortası yalnız zəlzələ riskini qarşılayır və təminat məbləği də əmlakın dəyərinin 50 faiz miqdarında təyin edilir.

- Azərbaycanda şirkətlər evini sığortalayan şəxslərə hansı hadisələrə görə zəmanət verir, hansı hadisələrə görə zəmanət verə bilmir?
Bütün sığorta şirkətləri eyni risklər üzrə təminat verir. Bunlara:
- Yanğın, ildırım düşməsi;
- Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
- Elektrik naqillərində baş verən qısa qapanma;
- Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və cihazların partlayışı;
- Su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma;
- Hər hansı predmetin və onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması;
- Yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
- Təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, yer sürüşməsi, leysan;
- Üçüncü şəxsin hərəkətləri aiddir.

Təminat verilməyən hadisələr isə ümumdünya istisna hallardır:
- Müharibə, silahlı qüvvələrin basqını, düşmən əməliyyatları, hərbi əməliyyatlar (müharibə elan edilib-edilməsindən asılı olmayaraq);
- Vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, iğtişaş, tətil, lokaut, kütləvi iğtişaşlar;
- Hərbi hakimiyyətin əmrləri və ya əmr verənləri hüquqlarının qanunsuz olaraq mənimsənilməsi, sabotaj, qruplarının və ya siyasi təşkilatların tapşırığı və ya onlarla əlaqədə olan şəxslərin əməliyyatları;
- Sui-qəsd, müsadirə, məcburi özgəninkiləşdirilmə;
- Rekvizisiya və ya dağılma;
- De-yure və ya de-fakto mövcud olan hökumət və ya hər hansı bir dövlət orqanının əmrləri;
- Nüvə reaksiyası, nüvə şualanması və ya radioaktiv çirklənmə.
Nigar Məmmədova