Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağalıda torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün müraciətlərin qəbulu başlayır
Sabahdan Kənd Təsərrüfatı Nazirliyi Zəngilan rayonunun Ağalı kəndindəki kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlayır.
Oxu.Az bu barədə nazirliyin məlumatına istinadən xəbər verir.
Məlumata görə, müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsilə qəbul ediləcək. Bununla da işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsinə start verilir. Ağalıda məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu martın 31-nə qədər davam edəcək.
Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli fərmanı və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənən "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Ağalı kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədilə istifadəsi üçün müraciət edə bilərlər:
- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
- Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" - "Ağalı" seçməklə ərizə formasını doldurmaq.
- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq, Ağalı kənd sakini olduğunu (faktiki yaşayış yerinin Ağalı olduğunu) Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.
Müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 aprel - 31 may tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün iki il, çoxilliklər üçün beş il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
"Kənd Təsərrüfatı Nazirliyi" teqi üzrə xəbərlər
- Özünü güllələyərək öldürən nazirlik əməkdaşının FOTOSU
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
- Nazirlik rəsmisi: "Heyvanları aşağı çəkidə kəsimə vermək fermerlərin GƏLİRLƏRİNİ AZALDIR"
- Azərbaycanda ət yeyənlər çoxalıb - İDDİA
- KTN Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi artırılıb