"Türk Dünyası Sığorta Birliyinin ilk Baş Assambleyası ötən il Şuşada keçirilib, növbəti toplantıya isə Türkiyə ev sahibliyi edəcək. Güclü türk dünyası üçün möhkəm maliyyə sistemlərinə, belə maliyyə sistemləri üçün isə güclü sığorta sektoruna ehtiyac var".
Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib:
O bildirib ki, qlobal miqyasda risklər yenidən müəyyənləşir və iqlim dəyişikliyi, təbii fəlakətlər, kiberrisklər, əhalinin qocalması və süni intellekt kimi amillər bunu daha mürəkkəb və sərhəd tanımayan xarakterə çevirir.
"Bu səbəbdən sığorta sektoru artıq yalnız zərər və sığorta ödənişləri həyata keçirən bir sahə deyil, riskləri idarə edən, iqtisadiyyatları gücləndirən və cəmiyyətlərin dayanıqlığını artıran strateji istiqamətdir".
Ahmet Yaşarın sözlərinə görə, 2025-ci ilin sonunda Türkiyə sığorta sektorunun istehsal həcmi 1.2 trilyon türk lirəsinə (31-32 milyard ABŞ dolları) çatıb. Bu ilin ilk beş ayında isə sektorun istehsal həcmi 622 milyard türk lirəsi (təxminən 14 milyard ABŞ dolları) olub.
O qeyd edib ki, Türkiyə Sığorta Birliyi 2030-cu il üçün sığorta haqları üzrə 50 milyard ABŞ dolları həcmə çatmağı və hazırda 2,68 faiz olan sığorta penetrasiyasını 5 faizə yüksəltməyi hədəfləyir:
"2023-cü ildə Türkiyə Kahramanmaraş zəlzələləri nəticəsində təxminən 106 milyard ABŞ dolları həcmində iqtisadi itki ilə üzləşdi. Bunun yalnız 6 milyard ABŞ dolları sığorta hesabına qarşılandı. Ən böyük risk sığortasız olmaqdır".
Onun sözlərinə görə, Türkiyədə Fərdi Pensiya Sistemi və Avtomatik Qoşulma Sistemi üzrə iştirakçıların sayı 18 milyona, fondların həcmi isə 2,4 trilyon türk lirəsinə çatıb.
"Sığorta sektoru yalnız riskləri idarə etmir, eyni zamanda ölkələrin gələcəyini maliyyələşdirir. Süni intellekt risklərin daha düzgün qiymətləndirilməsinə və dələduzluqla daha effektiv mübarizəyə imkan verir. Lakin etibarı yaradan texnologiya deyil, güclü institutlar, güclü tənzimləmə, etik yanaşma və insan amilidir", - deyə o vurğulayıb.
Ahmet Yaşar əlavə edib ki, oktyabr ayında Türkiyədə keçiriləcək Türk Dünyası Sığorta Birliyinin Baş Assambleyasına qədər Birliyin ilk fəaliyyət hesabatının hazırlanması və üzv ölkələrin konsolidə edilmiş göstəricilərinin təqdim olunması planlaşdırılır.